Gənc qadınlar arasında sahibkarlıq inkişaf etdirilir

Gənc qadınlar arasında sahibkarlıq inkişaf etdirilir

Sentyabrın 27-də Yevlax şəhərində 18-35 yaşlı gənc qadınlar üçün sahibkarlığın inkişafı ilə bağlı ikigünlük maarifləndirmə təliminə başlanılıb.
Təlimin açılış mərasimində Yeni Azərbaycan Partiyası Yevlax rayon təkilatının aparat rəhbəri Əli Quliyev, "Universitet Təhsilli Qadınlar" Cəmiyyətinin sədri Tamam Cəfərova, təlimçilər Tofiq Həsənov və Sevda Məmmədova çıxış edərək iştirakçıları tədbirin məqsədi ilə tanış ediblər.
İştirakçılar iki günlük təlimdə kiçik sahibkarlığın hüquqi əsasları, formaları (fiziki və hüquqi şəxslər), hüquqi şəxslərin dövlət qeydiyyatına alınması qaydaları, vergilərin formaları, sadələşdirilmiş vergi sistemi, fiziki şəxslərin gəlir vergisi, onların vergi uçotuna alınması qaydası, hüquqi şəxslərin mənfəət vergisi, banklarla iş və kiçik sahibkarlığın əsaslarına aid digər məsələlərlə bağlı ətraflı bilgilər əldə edəcəklər. Gənc qadınlar arasında sahibkarlığın inkişaf etdirilməsi onların iqtisadi müstəqillik əldə etməsi, ictimai-siyasi fəaliyyət, liderlik üçün yeni imkanlar yaradacaq. Təlim iştirakçılarından daha fəalları potensial namizədlər üçün təlimlərə də cəlb ediləcəklər. Gənc qadınlara gələcəkdə sahibkarlığın təşkili ilə bağlı mütamadi hüquqi yardımlar ediləcəkdir.
Qeyd edək ki, təlimlər "Kaunterpart Azərbaycan" (Counterpart İnternational) Beynəlxalq Təşkilatının Qadın İştirakçılığı Proqramı (QİP) çərçivəsində həyata keçirilir. QİP-nin ümumi məqsədi qadınlar üçün vacib olan məsələlərlə bağlı ictimai məlumatlandırma, qadınların qərarvermə proseslərinə təsirinin gücləndirilməsi və qadın hüquqları sahəsində çalışan vətəndaş cəmiyyəti təşkilatlarının (QHT- lərin) və qadın məsələləri sahəsində fəaliyyət göstərən dövlət strukturlarının bacarıqlarının artırılması yolu ilə Azərbaycanda qadınların vəziyyətinin yaxşılaşdırılmasıdır.
"Lider Qadınlar", "Universitet Təhsilli Qadınlar" və "Qadınlar Gələcək Uğrunda" təşkilatlarından ibarət koalisiya Qadın İştirakçılığı Proqramı çərçivəsində "Seçkili orqanlarda qadınların təmsilçiliyinin artırılması" layihəsini icra edir.
Layihənin əsas məqsədi seçkili orqanlarda qadınların təmsilçiliyini artırmaq, onların siyasi və sosial-iqtisadi proseslərə təsirini gücləndirməkdir.
Layihənin əsas vəzifələrindən biri də gənc qadınlar arasında sahibkarlığın inkişaf etdirilməsidir. İqtisadi müstəqillik sahibkar qadınlara ictimai-siyasi fəallıq, siyasi iştirakçılıq və liderlik üçün daha çox imkanlar yaradır. Bu səbəbdən də qadınlar, xüsusilə gənc qadınlar arasında sahibkarlığın inkişaf etdirilməsi layihənin əsas istiqamətlərindən birini təşkil edir.
Layihədə Bakı, Yevlax, Tərtər, Yardımlı, Sabirabad, Salyan rayonlarında potensial namizəd qadınlar üçün seçki maarifləndirilməsi ilə yanaşı, gənc qadınlar arasında sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı ayrıca təlimlər keçirilir. Növbəti təlimlər Yardımlı, Salyan rayonlarında təşkil olunacaq.
Layihə Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi və iştirakı ilə həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə