Salyanın 2800 illik yubileyinə hazırlıq işləri müzakirə edilib

Salyanın 2800 illik yubileyinə hazırlıq işləri müzakirə edilib

Muğan Babazanlı abidələrinin 2800 illiyinin qeyd olunması barədə Prezident İlham Əliyevin imzaladığı Sərəncamdan irəli gələn vəzifələrlə bağlı Salyan Rayon İcra Hakimiyyətində yaradılan təşkilat komitəsinin növbəti iclası olub.Yığıncaqda qeyd olunub ki, dövlətimizin başçısının Sərəncamına müvafiq olaraq Salyan Rayon İcra Hakimiyyətinin, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə Salyanın 2800 illiyinə həsr olunan beynəlxalq elmi-praktik konfrans keçirilib.
Bildirilib ki, rayonun tarixi keçmişini, bu gününü və gələcəyini əks etdirən, habelə qədim yaşayış məskəni haqqında müfəssəl bilgi verən bukletlər hazırlanıb.
Rayon tarix-diyarşünaslıq muzeyində müxtəlif dövrlərdə Salyanın ərazisində arxeoloji qazıntılar zamanı aşkar olunan eksponatlar, Muğan arxeoloji mədəniyyəti, qədim kitab və çap məhsulları, buradakı insanların məşğuliyyəti ilə bağlı nümunələrin nümayişi üçün xüsusi sahə yaradılıb.
Salyanın 2800 illik yubileyinə hazırlıq işləri rayonun idarə, müəssisə və təşkilatlarını, bütün yaşayış məntəqələrini əhatə edib.
Bu ilin oktyabrında keçirilməsi nəzərdə tutulan yubiley tədbirləri çərçivəsində şəhər bayramsayağı bəzədiləcək. Qədim qala divarları, folklor nümunələri sərgisi, məişət və kulinariya, qədim geyim əşyaları bayram tədbirlərinin rəngarəngliyini daha da artıracaqdır.
Çıxış edənlər yubileyə hazırlıq işləri ilə bərabər, rayonun bugünkü inkişafından söhbət açaraq Salyana göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Yığıncaqda yubiley tədbirləri ilə bağlı qarşıda duran vəzifələrin icrası məqsədilə təşkilat komitəsi üzvlərinə konkret tapşırıqlar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə