Bələdiyyələrin fəaliyyətinə vaxtından əvvəl xitam verilə bilər
""Bələdiyyələrin statusu haqqında" mövcud qanunda bələdiyyə üzvlərinin fəaliyyətinə xitam verilməsi ilə bağlı qayda olsa da, onların statusu müəyyən edilmədiyindən, bu məsələ çox vaxt aparırdı. Lakin mövcud qanuna edilən dəyişikliklərə əsasən, bundan sonra məhkəmələr bələdiyyə üzvlərinin səlahiyyətlərinin itirilməsi və onun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi barədə qərar qəbul edə biləcəklər". SİA-nın xəbərinə görə, bu barədə Milli Məclisin (MM) Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında "Bələdiyyələrin statusu haqqında" qanuna dəyişikliklər edilirəsi barədə" qanun layihəsinin müzakirəsi zamanı çıxış edən komitə sədri Arif Rəhimzadə deyib.
Onun sözlərinə görə, bundan sonra bələdiyyələrin fəaliyyətinə vaxtından əvvəl xitam verilə bilər: "Dəyişikliklərə əsasən, bələdiyyələr hər il yanvar ayının üçüncü həftəsinin bazar ertəsi görülmüş işlər haqqında, o cümlədən maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında seçicilərə hesabat verməlidirlər. Əgər seçicilər bələdiyyənin hesabatını qeyri-qənaətbəxş qiymətləndirsələr, həmin hesabat Milli Məclisə göndərilir. Parlament də həmin hesabatı qeyri-qənaətbəxş hesab etsə, o zaman bununla bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edilir və MSK həmin bələdiyyənin buraxılması, fəaliyyətinin vaxtından əvvəl dayandırılması haqqında qərar qəbul edir".
Komitə sədri hesab edir ki, bu dəyişikliklər bələdiyyələrin məsuliyyətini daha da artıracaq, onlarla seçicilər arasında münasibətləri normallaşdıracaq, bələdiyyələrin fəaliyyətinin şəffaflığını təmin edilməsi istiqamətində böyük stimul olacaq.
Çıxış edən digər komitə üzvləri də dəyişikliklərin mühüm əhəmiyyət daşıdığını, bələdiyyələri bundan sonra daha məsuliyyətli olmağa vadar edəcəyini bildiriblər.
Müzakirələrin sonunda qanun layihəsi parlamentin plenar iclasına tövsiyyə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB