Nizami rayonunda qanvermə aksiyası keçirilib FOTO

Nizami rayonunda qanvermə aksiyası keçirilib FOTO

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Nizami rayon bölməsi qanvermə aksiyası keçirib. SİA-nın xəbərinə görə, aksiyada Respublika Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının əməkdaşları iştirakçıların müxtəlif yaş qruplarından qan nümunələri götürüblər.

Aksiyada Nizami rayon İcra hakimiyyətinin başçısının müavini Gülnaz İsrafilova, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Nizami rayon bölməsinin sədri Rəna İbrahimova, Cəmiyyətin icraçı katibi Bayram Vəliyev və başqaları çıxış edərək qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyin xeyirxah və savab iş olduğunu bildiriblər. Onlar belə aksiyalarda yaxından iştirakın vətəndaşlıq borcu olduğunu qeyd ediblər.

Aksiya iştirakçıları xeyriyyə tədbirinin təşkilini təqdirəlayiq hesab edərək xəstə insanların heç də cəmiyyətdən kənarda qalmadığını vurğulayıblar, göstərilən diqqət və qayğıya görə Heydər Əliyev Fondunun Prezidenti, YUNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qan verənlər arasında cəmiyyətin fəal könüllüləri, YAP Nizami rayon təşkilatının Gənclər Birliyinin üzvləri, Xəzər Universitetinin tələbələri, Qida Sənayesi Texnikomunun tələbələri və rayonda fəaliyyət göstərən səhiyyə işçiləri olublar.

Humanitar aksiya zamanı yığılan qanlar respublika Qan Bankına təhvil veriləcək, əsasən talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən vətəndaşların müalicəsində istifadə ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə