Porno filmləri erkən yaşlarda zorakılıq hallarının sayını artırır SORĞU

Porno filmləri erkən yaşlarda zorakılıq hallarının sayını artırır SORĞU

İnsanların həyatının tərkib hissəsinə çevrilən sosial şəbəkələrdə bir çox aktual məsələlərlə yanaşı, siyasi mövzular da müzakirə olunur. Lakin müzakirələrdə bəzən təhqir, hətta söyüş xarakterli fikirlər də yer alır. Cəmiyyətin bütün təbəqəsinin olduğu sosial şəbəkədə etik qaydaların pozulması nə dərəcədə düzgündür?

Digər sual doğuran məsələ isə istər sosial şəbəkələr, istərsə də bir sıra saytlarda porno xarakterli informasiya, video və şəkillərin yer almasıdır. Bildiyimiz kimi, sosial şəbəkələrdən istifadə edənlərin bir qismini də məhz gənclər, azyaşlılar təşkil edir. Bu cür hallar azyaşlıların psixologiyasına və ya həyata baxışına nə kimi mənfi təsir göstərir? Bu kimi suallara cavab tapmaq üçün SİA Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev və psixoloq Dəyanət Rzayevin fikirlərini öyrənib.

Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev: "Sosial şəbəkələrdə təhqir xarakterli müzakirələrin aparılması istifadəçilərin mədəniyyətli olmamasından irəli gəlir. Bu kimi hallar insanların mədəniyyətinin, savadının, dünya-görüşünün zəif olmasından qaynaqlanır. Təhqir xarakterli fikirləri yazan və ya yazdıran insanlar əslində, özlərinin kimliyini dolayısı ilə ortaya qoyur. Yəni, özünə, yaxınlarına hörmət edən insan ilk növbədə özünün davranış və nitq mədəniyyətinə fikir verməlidir. Sosial şəbəkədə qəhrəmana çevrilmək, müəyyən məsələlər haqqında kəskin mövqe tutmaq, yaxud da radikallığını nümayiş etdirmək, eləcə də adını gizli saxlamaq həmin şəxsin mənəviyyatının həddindən artıq aşağı olmasından xəbər verir.

Ümumilikdə götürsək, sosial şəbəkələrdə ciddi, eyni zamanda siyasi mövzuların müzakirə olunmasının tərəfdarı deyiləm. Sosial şəbəkədən istifadə edənlərin əksəriyyəti bu sahənin peşəkarı olmayan, savadı və təcrübəsi olmayan insanlardır. Onların müəyyən siyasi, hüquqi müstəvidə mövzuları həll etmək istəkləri kənardan qeyri-ciddi görünür və peşəkarlar üçün heç bir əhəmiyyət daşımır. Həmin insanlar sadəcə gülüş mənbəyinə çevrilirlər. Ona görə sosial şəbəkələrdə daha çox ümumi, ictimai maraq kəsb edən məsələlər müzakirə olunmalıdır. Odur ki, mədəni səviyyəmizi yüksəldən məsələlərə toxunmaq daha məqsədəuyğundur.

Məlumdur ki, sosial şəbəkələrdən gənclər daha çox istifadə edir və onlar hansısa vasitə ilə gündəmə gəlmək istəyirlər. Bunu da başa düşmək olar, çünki gənclər maksimalist olurlar. Lakin heç vaxt mədəniyyət, tərbiyə və adət-ənənələri kənara atmaq olmaz. Hətta müzakirələrdə iştirak edənlərin çoxu öz adlarından istifadə etmirlər. Bu da təbii ki, düzgün deyil. İnsan gərək kimliyini gizlətməsin. Təhqir və söyüşlərdən istifadə etmək mədəniyyətə yaraşan hal deyil. İstərdim ki, sosial şəbəkələrdən istifadə edənlər, dövlətin internet azadlığına ayırdığı diqqətdən sui-istifadə etməsinlər. Bir sözlə, hər kəsin daxilində vicdan senzurası olmalıdır.

Saytlarda və ya sosial şəbəkələrdə pornoqrafik məlumatların yayımlanmasına gəlincə, bu kimi problemin qarşısını almaq üçün mərkəzləşdirilmiş qaydada ölçü götürmək mümkün deyil. Bəlkə də hansısa saytlarda yerləşdirilən pornoqrafik elementlər ölkədən kənarda idarə olunur. Bu səbəbdən də məsələ ilə bağlı inzibati qaydada hər hansı bir tədbir görmək olmur. Hər bir valideyn övladına ciddi nəzarət etməlidir ki, internetdə olarkən bu kimi videolara və ya şəkillərə baxmasınlar. Elə proqramlar var ki, bu kimi videolara baxmaq mümkün olmur. Azyaşlıların müəyyən olunmuş vaxtlarda internetdən istifadə etməsi və ya bu tip saytlara girişi qadağan edən parollar vasitəsilə mövcud problemin aradan qalxmasına kömək edə bilərik. Bu məsələdə valideyn nəzarətindən başqa üsulları effektli saymıram".

Mövcud problemlərlə bağlı psixoloq Dəyanət Rzayevin də fikirləri demək olar ki, eyni oldu. Belə ki, psixoloqun sözlərinə görə, heç kim bir-birinin hisslərinə toxuna və ya təhqir edə bilməz: "Çünki bu kimi halların sonradan ciddi fəsadları meydana çıxır. Ümumiyyətlə, sosial şəbəkə bir çox insanın həyatında psixoloji sarsıntılara da səbəb olur. Misal olaraq, elə insanlar var ki, sosial şəbəkə olsa belə, ən adi sözdən qıcıqlanıb qarşısındakı insanı davaya, duelə çağıra bilər. Görüş zamanı dava daha da böyüyər və nəticədə həmin şəxslər bir-birilərini bıçaqlaya bilərlər. Təbii ki, bu düzgün deyil. Sosial şəbəkənin də öz şərtləri var. Belə ki, təhlükəsizlik qaydalarında bloka qoymaq funksiyası var.

Sosial şəbəkədən çox istifadə edən insanların həyatı o qədər virtuallaşır ki, artıq bu, adət halını alır və oranı reallıq kimi qəbul edirlər. Odur ki, bunu düzgün hal kimi qiymətləndirmirəm.

Pornoqrafik videoların nümayişinə gəlincə qeyd etməliyəm ki, ən böyük sistem olan "youtube"da belə videolara baxmaq qadağan olunub. Lakin elə saytlar var ki, orada bu kimi halların qarşısını almaq mümkün olmur. Əgər bu hal kimin xoşuna gəlmirsə, öz kompüterlərində həmin saytları blok edə bilər.

Təbii ki, uşaqlar üçün bu kimi videolara baxmaq yolverilməzdir. Çünki bu kimi videolar normal tərbiyə üsulunu pozur. Azyaşlılar porno filmlərinə baxmaqla ağlasığmaz hərəkətlərə əl ata bilərlər. Valideynlər bu kimi məsələlərdə həddindən artıq diqqətli olmalıdırlar. Analar qızları, atalar isə oğlan uşaqları ilə ciddi məşğul olmalıdırlar. Valideyn nəzarəti düzgün olmayanda, uşaqların psixologiyasında müəyyən boşluqlar yaranır və bu kimi əməllərə əl atırlar. Ən optimal çıxış yolu valideyn tərbiyəsinin düzgün aparılmasıdır.

Azyaşlıların porno filmlərinə baxması ciddi fəsadlar yarada bilir. Belə ki, azyaşlılar porno filmlərinin ən çirkin formasına maraq göstərməklə bunu özlərində tətbiq etməyə çalışırlar. Nəticədə bu kimi filmlər erkən yaşlarında zorakılıq hallarının sayını artırır".

Bütün xəbərlər Facebook səhifəmizdə