"Kimsə ehsan vermək istəyirsə, bunu uşaqlar evində də təşkil edə bilər" MÜNASİBƏT

"Kimsə ehsan vermək istəyirsə, bunu uşaqlar evində də təşkil edə bilər" MÜNASİBƏT

"Bu gün Azərbaycan ictimaiyyəti üçün aktuallıq kəsb edən məsələlərdən biri yas və toy mərasimlərinin keçirilməsinin tənzimlənməsi yollarının müzakirəsidir. Düşünürəm ki, yas və toy mərasimləri adət-ənənələrimizdən qaynaqlandığından, bu məsələnin həlli də cəmiyyətin bütün üzvlərinin dəstəyi ilə tənzimlənməlidir". Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Sədaqət Vəliyeva deyib.

Millət vəkilinin fikrincə, yas və toy mərasimlərində israfçılığa yol vermək həm dini baxımdan günah, həm də sosial nöqteyi-nəzərdən ailələrin büdcələrinə ziyandır: "Əslində, yas mərasimində mərhumun ruhunun şad olması üçün Quran oxunmalı, dualar edilməlidir. Əgər kimsə ehsan vermək istəyirsə, bunu uşaqlar, yaxud ahıllar evində də təşkil edə bilər. Bunun daha çox savabı var. Lakin yas mərasiminin keçirildiyi məkanda bir neçə cür yeməyin bişirilməsi, məclisdən sonra onun böyük bir hissəsinin qalması və yaxud atılması böyük günahdır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu məsələ ilə əlaqədar mətbuata verdiyi müsahibələrində çox yaxşı qeyd edib ki, yemək verməklə vəfat etmiş əzizinin ruhunu şad edəcəyini düşünənlər səhv fikirdədirlər. Ona görə də, yas mərasimləri ilə bağlı qaydalar dinimizə uyğun şəkildə aparılmalıdır".

Toy məclislərində böyük israfçılığa yol verənlərin çoxluq təşkil etdiyini deyən. S. Vəliyeva vurğulayıb ki, həddindən artıq təmtəraq və israfçılıq bəzi hallarda xoşagəlməz hadisələrə də gətirib çıxarır: "Bu gün şadlıq evlərində həddindən artıq israfçılığa yol verilən toy məclislərinə rast gəlirik. Masaların üzərinə onlarla çeşid salat, yemək və digər təamlar düzürlər. Düşünmək lazımdır ki, toy məclisinə yığışanlar ailə quran gənclərin sevincinə şərik olmağa və onlara bacardıqları qədər dəstək olmağa çalışırlar. Həddindən artıq təmtəraq və israfçılıq bəzi hallarda ailə quran gənclərin xoşagəlməz hadisələrlə qarşılaşmasına gətirib çıxarır. Elə ötən gün qərargaha müraciət edən xanımlardan biri bildirib ki, həyat yoldaşı şadlıq sarayına olan borcuna görə çətin vəziyyətə düşüb. Bütün bunları nəzərə alaraq insanlar həm toy, həm də yas mərasimlərinin keçirilməsində özləri müəyyən korrektələr etməlidirlər".

Toy və yas mərasimlərinin keçirilməsinin qanunla tənzimlənməsi məsələsinə gəlincə, millət vəkili vurğulayıb ki, bu məsələdə qanunvericilik deyil, cəmiyyət özü aktiv iştirak etməlidir: "Bir halda ki, yas və toy mərasimləri adət-ənənələrimizdən qaynaqlanır, o zaman cəmiyyətimizin ağsaqqalları, ziyalıları, din xadimləri bu işdə fəal olmalıdır. Eyni zamanda, mətbuat yas və toy mərasimlərinin tənzimlənməsilə bağlı geniş maarifləndirmə işləri aparmalıdır. Düşünürəm ki, bu yolla mövcud neqativ halları tezliklə aradan qaldıra bilərik".

Bütün xəbərlər Facebook səhifəmizdə