AŞPA-nın sədri Şəkidə olub

Sentyabrın 24-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri xanım Ann Brasörün başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində Şəkidə olub. Qonaqlar əvvəlcə Şəki şəhərində tikintisi yekunlaşmaq üzrə olan yeni, müasir məhkəmə kompleksinin binasına baxıblar. Sonra AŞPA-nın təmsilçiləri Şəki Penitensiar Müəssisəsinə baş çəkib, məhbusların saxlanma şəraiti ilə tanış olublar.

Qonaqların diqqətinə çatdırılıb ki, Azərbaycanda penitensiar sistemin təkmilləşdirilməsi, məhkumların hüquqlarının qorunması və saxlanma şəraitinin beynəlxalq standartlara uyğun yaxşılaşdırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir, penitensiar infrastruktur müasirləşdirilir.

AŞPA-nın sədri və nümayəndə heyətinin üzvləri Şəkiyə səfərləri çərçivəsində daha sonra Azərbaycan memarlığının nadir incilərindən sayılan XVIII əsrə aid tarixi-memarlıq abidəsi - Şəki xanlarının sarayı ilə yaxından tanış olublar.

Sarayla tanışlıq qonaqlarda xoş təəssürat oyadıb. Onlar sarayın eyvanından şəhərin qədim məhəllələrini seyr ediblər.

Səfər çərçivəsində qonaqlar, həmçinin XVIII əsrin sonu - XIX əsrin əvvəllərində inşa edilmiş "Yuxarı Karvansaray" mehmanxana kompleksi ilə də tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə