Vüqar Bayramlı: “Azərbaycan hökuməti neft sektorunda şəffaflığın artırılmasında maraqlıdır”

Vüqar Bayramlı: “Azərbaycan hökuməti neft sektorunda şəffaflığın artırılmasında maraqlıdır”

"Azərbaycan Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə qoşulan ilk dövlətdir və bu quruma qoşulmaq haqqında qərarı ölkə başçısı irəli sürmüşdü. Azərbaycan bu qurumda üçtərəfli qrupda dövlət, QHT və neft şirkəti ilə təmsil olunub. Bu üçtərəfli qrup birmənalı şəkildə məlumatların bölüşdürülməsinə, açıq şəkildə paylaşdırılmasına imkan verir. Fikirləşmirəm ki, Azərbaycanın bu qurumdan çıxarılması məsələsi gündəmdə olacaq". Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramlı deyib.

O bildirib ki, Azərbaycan bu təşkilatda üçtərəfli qrupu formalaşdıran ilk ölkələrdən biridir: "Üçtərəfli qrupun formalaşdırılmasına qoşulmaq onu göstərir ki, Azərbaycan hökuməti neft sektorunda şəffaflığın artırılmasında maraqlıdır və bu istiqamətdə addımlar atır. Dövlət Neft Fondu Azərbaycan hökuməti adından bu qrupda iştirak edir və ölkədəki vətəndaş cəmiyyəti, Azərbaycanda fəaliyyət göstərən neft şirkətlərinin əldə etdiyi vəsaitlər haqqında məlumatlar verir. Ona görə də, güman etmirəm ki, bu gün Azərbaycanın önəm verdiyi, töfhə verdiyi bir qurumdan çıxarılması müzakirə oluna bilər. Çünki bunun üçün heç bir əsas da yoxdur. Azərbaycan Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün prinsiplərini dəstəkləyən bir ölkədir və yayılan bu məlumatlar Azərbaycanın həmin şəbəkədə fəaliyyətinə kölgə sala bilməz. Əksinə, Azərbaycan təcrübəsinin öyrənilməsi və digər ölkələrə tətbiq edilməsi istiqamətində Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü xeyli fəaliyyətlər həyata keçirir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın bu şəbəkədən çıxarılması inandırıcı və real deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə