"ASAN Xidmət" modelindən xarici ölkələr də yararlana biləcək Yenilənib

"ASAN Xidmət" modelindən xarici ölkələr də yararlana biləcək Yenilənib

Bu gün Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi çərçivəsində Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN Xidmət") təşkilatçılığı ilə "İnsan hüquqları və qabaqcıl idarəetmə kontekstində dövlət xidmətlərinin göstərilməsi" mövzusunda beynəlxalq konfrans keçirilib. SİA-nın xəbərinə görə, konfransda çıxış edən "ASAN Xidmət" mərkəzinin sədri İnam Kərimov deyib ki, əsas məqsəd Avropa Şurasının üzv dövlətlərindəki dövlət xidmətlərinin göstərilməsi üzrə qabaqcıl modellərin müzakirə edilməsi, bu kimi modellərin fəaliyyəti üçün zəruri olan prinsiplər və onların inkişafını təmin edən informasiya texnologiyalarının rolunun nəzərdən keçirilməsi və dövlət xidmətlərinin göstərilməsi ilə əlaqədar cari problemlərin, gələcək perspektivlərinin müəyyənləşdirilməsidir.

Azərbaycanın AŞ NK-ya sədrliyi dövründə Azərbaycanın AŞ ilə əlaqələrinin daha da gücləndiyini deyən Dövlət Agentliyinin sədrinin sözlərinə görə, Bakıda belə bir mövzuda konfransın keçirilməsi Azərbaycan üçün çox vacibdir: "Çünki bu mövzu çox genişdir və bizim üçün əhəmiyyətlidir. Bu məsələ hazırda Azərbaycan üçün prioritet istiqamətlərdəndir. Prezident İlham Əliyevin rəhbərliyi altında bu sahədə ölkədə böyük islahatlar həyata keçirilib".

Azərbaycanda "ASAN Xidmət"in yaradılması və onun vətəndaşlara xidmət göstərilməsində rolu barəsində geniş məlumat verən İ. Kərimov qeyd edib ki, şəffaflıq bu xidmətin işində əsas prinsipidir: "Bu sistem Azərbaycan cəmiyyətində dövlət qurumları tərəfindən vətəndaşlara xidmət sahəsində yeni mühit yaradıb. Şəffaflıq, korrupsiyaya qarşı mübarizə, vətəndaşlara səmərəli xidmət göstərilməsi insanlar tərəfindən müsbət qarşılanır".

O, həmçinin qeyd edib ki, gün ərzində 2000-dən çox vətəndaş Mərkəzin xidmətlərindən yararlanır: "Ölkədə 6 "ASAN Xidmət" mərkəzimiz fəaliyyət göstərir. 20 ay ərzində 3 milyon əhali xidmətdən faydalana bilib və 98 faiz razılıq əldə olunub".

Avropa Şurasının Demokratik Təsisatlar və idarəçilik departamentinin rəhbəri Alfonso Zardi bildirib ki, Azərbaycanın AŞ NK-ya sədrlik etməsi Azərbaycanın AŞ-yə öz rolunu təqdim etməyə imkan yaradır: "Konfransın keçirilməsində məqsəd burada dövlət qulluğu sahəsində müxtəlif təcrübələri təqdim etməkdir. Bu mövzu bütün Avropa məkanı üçün vacib olan məsələdir. Bütün Avropa ölkələrində dövlət qulluğunun göstərilməsi və mərkəzləşdirilməsi çox vacibdir. Bunun üçün isə mütəxəssislərin fikir, tövsiyələri və müzakirələri vacib rol oynayır".

Departamentin rəhbəri hesab edir ki, bu konfransın Bakıda keçirilməsi Azərbaycanın digər Avropa dövlətləri ilə dövlət qulluğu sahəsində təcrübə mübadiləsini, əlaqələrin genişləndirilməsinə şərait yaradacaq.

ATƏT-in İqtisadi və ətraf mühit məsələləri üzrə əlaqələndiricisi Xəlil Yurdakul Yigitgüdən isə deyib ki, son illər Azərbaycan həm ictimai, həm də özəl sahədə yaxşı idarəçilik tətbiq edir. Azərbaycanda vətəndaşlara dövlət qulluğunun göstərilməsində xeyli irəliləyişə nail olub: " "ASAN Xidmət" mərkəzlərinin yaradılması Azərbaycanın qürur duya biləcəyi nümunələrdəndir".

ATƏT üzvü olan ölkələrdə dövlət qulluğu, vətəndaşlara xidmət, maliyyənin idarə edilməsinin önəmli məsələ olduğunu deyən Yigitgüdən qeyd edib ki, bu sahədə təşkilatın gördüyü işlər barədə məlumat verib.

Qeyd edək ki, tədbirdə 30-dan artıq dövlətin nümayəndəsi, Avropa Şurası, BMT, ATƏT, Avropa İttifaqı və bir sıra xarici QHT-ləri təmsil edən 50-yə yaxın xarici nümayəndə iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə