4 rayonda yeni "ASAN Xidmət" mərkəzləri açılacaq

4 rayonda yeni "ASAN Xidmət" mərkəzləri açılacaq

"Bildiyiniz kimi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi ilə əlaqədar torpaq sahələri və digər daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsi prosesinin daha səmərəli təşkili ilə bağlı tədbirlərin həyata keçirilməsinə sentyabrın 20-dən başlanılıb. Proses 424 km məsafəni əhatə edir. Belə ki, Abşrerondan Ağstafaya qədər olan 13 rayon ərazisində 109 kənddə proses həyata keçirilməlidir. Artıq fərmanın icrasına başlanılıb. İlkin olaraq Hacıqabuldan başlanılıb və işlər demək olar ki, yekunlaşmaq üzrədir. Yaxın günlərdə digər rayonlarda işlər görüləcək". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN Xidmət") sədri İnam Kərimov fərmanın icrası ilə bağlı görüləcək işlərdən danışarkən deyib.

"ASAN Xidmət" Mərkəzinin daxilində yeni xidmətlərin göstərilməsi məsələsinə toxunan sədr bildirib ki, xidmətlərin çərçivəsi öklə başçısının müvafiq fərmanı ilə müəyyənləşdirilir: "Gələcəkdə hər hansı bir əlavə xidmət göstərilərsə, vəzifəmiz bu xidmətlərin icrasını təmin etməkdir. Mərkəz agentliyin nəzdində fəaliyyət göstərir. agentliyin funksiyalarından biri asan xidməti əhatə edir. Digər funksiyası isə Azərbaycanda elektron xidmətlərin təşkili üzrə tədbirləri aidiyyəti qurumlar üzrə həyata keçirir".

Regionlarda yeni mərkəzlərin açılacağını da deyən sədr əlavə edib ki, hazırda prezidentin tapşırığına əsasən Sabirabad və Bərdə şəhərində yeni "ASAN Xidmət" mərkəzlərinin açılması üzrə intensiv işlər həyata keçirilir: "Bu ilin sonuna qədər mərkəzlərin açılması nəzərdə tutulur. Eyni zamanda Masallı və Qəbələdə də mərkəzlərin tikintisinə başlanılıb. Həmin mərkəzlər fəaliyyətə başladıqdan sonra bütün respublika üzrə ərazi məhdudiyyəti aradan qaldırılacaq".

İ.Kərimov həmçinin qeyd edib ki, regionlarda səyyar xidmətlərin göstərilməsi üçün əlavə 8 avtobusun alınması nəzərdə tutulur: "Artıq 2 avtobus növbəti aylarda fəaliyyətə başlayacaq. İlin sonuna kimi digər avtobuslar da fəaliyyət göstərəcək. Avtobuslar vasitəsi ilə mərkəzin olmadığı şəhər və kəndlərdə vətəndaşlar xidmətlərdən rahat şəkildə faydalana biləcəklər. Hazırda avtobuslar vasitəsi ilə həmçinin cənub qaz dəhlizinin genişləndirilməsi ilə bağlı işlər də həyata keçirilir".

Bütün xəbərlər Facebook səhifəmizdə