Bu gün zəvvarların ilk qrupu Həcc ziyarətinə yola düşəcək

Bu gün zəvvarların ilk qrupu Həcc ziyarətinə yola düşəcək

"Bu gecə saat 01:30-da zəvvarların ilk qrupu yola düşəcək və ilk mərhələdə 375 zəvvar Həcc ziyarətinə gedəcək". Bu barədə SİA-ya Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib.

Onun sözlərinə görə, qruplar artıq müəyyənləşdirilib və hər qrupda 40-42 nəfər olacaq: "Ümumilikdə bu il Həcc ziyarətinə 3600 nəfər gedəcək. Zəvvarların Səudiyyə Ərəbistanında qarşılanmaları və orada qalmaları üçün bütün işlər tamamlanıb. Zəvvarları qrup rəhbərləri və həkim briqadası müşayiət edəcək. Səfər təxminən 4 saat çəkəcək".

R. Dadaşova onu da qeyd edib ki, son bir necə ildə olduğu kimi, səfərlər yalnız təyyarə ilə baş tutacaq: "Belə ki, İraq və Suriyadakı hadisələrlə əlaqədar avtobuslarla səfərlər olmayacaq. 4 ildən çoxdur ki, avtobuslarla səfərlər həyata keçirilmir. Çünki vətəndaşlarımızın təhlükəsizliyi ən vacib məsələlərdəndir. İnşallah, gələcəkdə mövcud problem aradan qalxarsa, məsələyə yenidən baxıla bilər".

Xatırladaq ki, bu il Həcc ziyarətinə gediş reysləri sentyabrın 23-28-nə, qayıdış isə oktyabrın 11-15-nə planlaşdırılır. Oktyabrın 3-ü zəvvarlar Ərəfat dağına çıxacaq, 4-ü isə şeytana daş atma mərasimi keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə