Almaniyalı professorlar Bilik Fondunda oldular FOTO

Almaniyalı professorlar Bilik Fondunda oldular FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda dünya səviyyəsində tanınan iki almaniyalı professorla görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, Almaniyanın Vürtsburq (Würzburg) Universitetinin professoru, Osvald fon Volkenştayn Cəmiyyətinin prezidenti xanım Ziqlinde Hartmann və Auqsburq (Augsburg) Universitetinin professoru Klaus Volfla görüşdə Fondun əməkdaşları ilə yanaşı müxtəlif universitetlərin tələbələri də iştirak edib. Beynəlxalq layihələr sektorunun təşkil etdiyi görüşdə Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Fondun yaranma zərurəti, fəaliyyət istiqamətləri və həyata keçirdiyi layihələr barədə qonaqlara məlumat verib.

Azərbaycan Prezidenti İlham Əliyevin neftdən gələn gəlirin insan kapitalına yönəldilməsi ilə bağlı gördüyü işlərdən danışan icraçı direktor xanım Ziqlinde Hartmanna Fondun layihələrində və Almaniyada fəaliyyət göstərən bu tipli təşkilatlarla əlaqələrinin qurulmasında yaxından iştirak etməyi təklif edib.

Xanım Ziqlinde Hartmann Bilik Fondu haqqında aldığı məlumatdan məmnun qaldığını deyib. Özünü Azərbaycanda ev sahibi kimi hiss etdiyini deyən, almaniyalı professor Bakıya dəfələrlə gəldiyini, hər səfərində bütün sahələrdə sürətli inkişafın şahidi olduğunu vurğulayıb. Bilik Fondu ilə geniş əməkdaşlığa hazır olduğunu bildirən xanım Hartmann azərbaycanlıların öyrənməyə, intellektual potensialarını artırmağa meyilli olduğunu vurğulayıb və bu baxımdan Bilik Fondunun yaradılmasını alqışlayıb. Qonaq həmçinin qeyd edib ki, təcrübə mübadiləsi, tanınmış alman alimlərlə əməkdaşlıq Fondun fəaliyyətinə böyük töhfə verə bilər.

15-ci əsrdə Alman səyyahının türklərlə bağlı əlyazmaları üzərində tədqiqatlar aparan alman professor Klaus Volf hazırda Azərbaycan Milli Elmlər Akademiyasının bu sahədə ixtisasalaşmış güclü mütəxəssisləri ilə əlaqə qurmaq üçün Bilik Fondundan dəstək istəyib.

Almaniyanın Vürtsburq (Würzburg) Universitetinin professoru, Osvald fon Volkenştayn Cəmiyyətinin prezidenti BSU-nun fəxri professoru xanım Ziqlinde Hartmann Bakı Slavyan Universiteti ilə birdə həyata keçirilən "Kitabi-Dədə Qorqud" və "Nibelunqlar haqqında nəğmə" - Ortaçağ qəhrəmanlıq dastanlarında Şərq və Qərb" adlı layihənin müəlliflərindəndir.

Bütün xəbərlər Facebook səhifəmizdə