Rauf Əliyev: "Böyük müəssisələr peşə məktəblərinə kadr sifarişləri verməlidir"

Rauf Əliyev: "Böyük müəssisələr peşə məktəblərinə kadr sifarişləri verməlidir"

"Peşə məktəblərində təhsil almaqla gənclər ilk növbədə peşə qazanıb sənət sahibi olurlar. Düşünürəm ki, gənclərin peşə təhsilinə marağını daha da artırmaq lazımdır". SİA-nın xəbərinə görə, bunu Sosial siyasət komitəsinin üzvü Rauf Əliyev gənclər üçün peşə təhsilinin üstünlüklərindən danışarkən deyib.

Onun sözlərinə görə, ilk növbədə, bütün peşə məktəblərində müasir avadanlıqlarla təhciz olunan emalatxanalar olmalıdır: "Əgər bu olmasa, tək nəzəriyyəni öyrənməklə ciddi nəticələr qazanmaq olmaz. Bu gün müasir avadanlıqlarla, texnologiyalarla işləməyi bacaran peşə sahibləri yetişməlidir. Əgər belə olsa, xaricdən işçi qüvvəsinə də ehtiyac qalmayacaq. Eyni zamanda, yaradılan böyük müəssisələr peşə məktəblərinə kadr sifarişləri verməlidir. Bilirsiniz, hamı ali təhsil ala bilmir. Ona görə də, bu sistemi inkişaf etdirmək lazımdır ki, gənclərimiz müxtəlif peşələrin kamil bilicisi olsunlar".

O, həmçinin qeyd edib ki, ölkənin sürətli inkişafı fonunda savadlı peşə sahiblərinrə ehtiyac var: "Kimlərsə peşə təhsilini prestijli hesab etmir. Amma yanılırlar, çünki əsl sənətkarlara hamının ehtiyacı olur. Hamının işini yaxşı bacaran dülgərə, bənnaya, qaynaqçıya və digər peşə sahiblərinə ehtiyacı var və bir iş görəndə peşəkarları axtarırıq. Elə götürək, nəqliyyat sahəsini. Bizə peşəkar avtobus sürücüləri də lazımdır. Bunların hamısı isə peşə məktəblərində hazırlanmalıdır. Mən demirəm ki, belə peşəkarlar bu gün yoxdur və heç kimi də tənqid etmək fikrində deyiləm. Sadəcə demək istədiyim oldur ki, bu sahəni daha da inkişaf etdirmək lazımdır. Bu məsələ hamının marağında olmalıdır, çünki bütün ailələr təhsilə bağlıdır. Əgər gənclərimiz yaxşı peşə təhsili alsa və bu iş sistemli təşkil olunsa, o, özünə iş tapacaq, ailəsini dolandıracaq. Eyni zamanda, gənclər seçim etmək imkanı qazanacaqlar. Bununla yanaşı qeyd etmək istəyirəm ki, yaxşı ustaları peşə məktəblərinə cəlb etmək lazımdlır ki, gəncləri öyrətsinlər. Onları da bu işə həvəsləndirmək lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə