“Əsrin müqaviləsi”nin 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Azərbaycanın Los Ancelesdəki baş konsulluğu Cənubi Kaliforniya Universitetinin mühəndislik fakültəsi ilə birgə "Əsrin müqaviləsi"nin 20-ci ildönümünə həsr olunmuş tədbir keçirib. SİA-nın məlumatına görə, tədbirdə universitetin professorları və tələbələri, neft sahəsi üzrə müxtəlif təhsil və tədqiqat mərkəzlərinin tanınmış alimləri iştirak ediblər.

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev tədbirdə çıxış edərək Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri nəticəsində 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi" adlı tarixi sənədin imzalandığını, bununla da ölkəmizin neft strategiyasının və enerji siyasətinin bünövrəsinin qoyulduğunu bildirib. Baş konsul bu müqavilə ilə bir əfsanənin reallığa çevrildiyini, onun Azərbaycan xalqının sosial-iqtisadi həyatında və ölkəmizin inkişafında dönüş nöqtəsi yaratdığını qeyd edib. O, ötən müddətdə əldə edilən nailiyyətlərin Heydər Əliyev tərəfindən həyata keçirilən siyasətin nə qədər uzaqgörən olduğunu göstərdiyini vurğulayıb. N.Ağayev bu strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Azərbaycanın regionda siyasi və iqtisadi güc mərkəzinə çevrildiyini söyləyib.

Azərbaycanın apardığı enerji siyasətinin ABŞ ilə münasibətlərdə xüsusi yer tutduğunu bildirən baş konsul iki ölkə arasında əlaqələrin inkişafında "Əsrin müqaviləsi"nin böyük rol oynadığını vurğulayıb.

Universitetin neft texnologiyaları üzrə professoru Fred Aminzadə Azərbaycanın neft-qaz sənayesi sahəsində təcrübəsindən danışıb.

Tədbirin sual-cavab hissəsində qonaqları maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Tədbir ziyafət və konsert proqramı ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...