YAP GB-də gənc iqtisadçıların forumu keçirilib FOTOLAR

YAP GB-də gənc iqtisadçıların forumu keçirilib FOTOLAR

Bu gün YAP Gənclər Birliyinin ofisində "Gənc İqtisadçılar Forumu" keçirilib. Forum 20 Sentyabr 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" nin 20 illiyi münasibəti ilə təşkil olunub. Tədbiri giriş sözü ilə açan YAP Gənclər Birliyinin sədri Seymur Orucov bu günün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını və bu müqavilənin Azərbaycan iqtisadiyyatına böyük töhfələr verdiyini bildirib: "1994-cü ildə Ulu Öndər Heydər Əliyevin qətiyyəti, dünyadakı nüfuzu sayəsində Azərbaycan tarixində belə möhtəşəm hadisə baş verdi. Azərbaycanın güclü iqtisadiyyatının təməli məhz bu layihə ilə qoyulub. Həmin vaxt ölkədə vətəndaş müharibəsi hökm sürürdü və atəşkəsin əldə edilməsindən cəmi bir neçə ay keçmişdi. Belə bir zamanda bir sıra güclü iqtisadiyyata malik dövlətlər əsrin müqaviləsinə qoşuldular. Bu da Ulu Öndərə olan inamın nəticəsi idi. Bu müqavilənin imzalanmasından sonra ölkə iqtisadiyyatı stabilləşdi, bir sıra islahatlar aparıldı, neft-qaz sektorunda nəzərə çarpacaq inkişaf müşahidə olundu. Təbii sərvətlər xalqın istifadəsinə verildi, ölkənin çiçəklənməsi, rifahı üçün sərf olundu. Bütün bunlar güclü rəhbərin olması və onun yürütdüyü uzaqgörən siyasət nəticəsində baş verdi.

Gənclər Birliyinin sədri qeyd edib ki, artıq dünya bazarında Azərbaycan brendi özünü təsdiqləyib: "Azərbaycanın çox güclü neft infrastrukturu var. Artıq Azərbaycanın dünya bazarında SOCAR kimi neft brendi tanınır. Azərbaycan nefti dünyada aparıcı sektorlardan birinə çevrilib. Bununla yanaşı qeyri-neft sektorunda da mühüm addımlar atılıb. Bunun nəticəsində neft kapitalını insan kapitalına çevirmək mümkün olub. Bir millətin güclü olması üçün onun güclü iqtisadiyyatı olmalıdır. Azərbaycan iqtisadiyyatını gücəndirməyə yönəldən layihələrdən biri də "Əsrin müqaviləsi" dir. Ulu Öndərdən sonra onun layiqli davamçısı olan cənab İlham Əliyev də Azərbaycanı güclü dövlətlər sırasında tutmağa çalışır və siyasətini məhz bu istiqamətə yönəldib. Azərbaycan xalqı da bu uğurlara biganə qalmayaraq ölkə başçısının yürütdüyü siyasəti dəstəkləyir".

Daha sonra söz gənc iqtisadiyyatçılara verilib. İlk olaraq marketinq üzrə ekspert Ramil Cabbarov Milli İqtisadi bazarda marketinqin rolundan danışıb. O bildirib ki, Azərbaycanın marketinq siyasəti nəticəsində artıq dünya bazarında Azərbaycan brendi yaranıb və yayılıb: "Bu brend məhz "Əsrin müqaviləsi" imzalandıqdan sonra yaranmağa başladı. Azərbaycan nefti dünya bazarında tələb olunan bir sektora çevrildi və beləliklə "Made in Azərbaycan" brendi dünya bazarına qədəm qoydu.

Forumda çıxış edən tibb sektoru üzrə marketinq mütəxəssisi Murad Məlikov Liderlik və İdarəçilik mexanizmlərinin iqtisadi proseslərdə rolundan danışıb: "Bu gün dünyada lider dövlətlər var ki, onlar dünya bazarında idarəçiliyi ələ alıblar və bu ölkələr bazarın tələbini təmin edən şirkətlərə sahibdirlər. Digər dövlətlər isə iqtisadiyyatları nə qədər güclü olsa belə lider dövlətlərin təyin etdiyi qaydalar çərçivəsində çalışırlar. Burada liderlik və idarəçilik amili böyük rol oynayır. Bu onunla izah olunur ki, artıq lider dövlətlər həmin ölkələrdə inam yaradıb. Bunu Azərbaycanda da görmək mümkündür. Azərbaycan xalqı öz lideri ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu siyasətə inanır və onun arxasınca gedir. Onun qoyduğu əsalarla Azərbaycan iqtisadiyyatını möhkəmləndirmək yolunda addımlar atılır".

Pərakəndə və xidmət sahələri üzrə ekspert və marketinq mütəxəssisi Tural Abdullayev forumu "Gənc iqtisadiyyat və pərakəndə" mövzusu ilə davam etdirib.

Sonda iqtisadçılar forum iştirakçılarının suallarını cavablandırıb.

Onu da qeyd edək ki, "Gənc İqtisadçılar Forumu" layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilib.

Təranə Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə