Musa Quliyev müzakirəyə çıxarılacaq qanun layihəsindən danışdı

Musa Quliyev müzakirəyə çıxarılacaq qanun layihəsindən danışdı

"Bildiyiniz kimi, Milli Məclisin payız sessiyası qısa olur və sentyabrın sonu başlayan payız sessiyası 3 ay davam edir. Bu müddətin bir ayından çoxu dövlət büdcəsinin müzakirəsinə sərf olunur. Ona görə də payız sessiyası adətən büdcə sessiyası adlanır. Buna baxmayaraq, bütün komitələrlə yanaşı Sosial siyasət komitəsi də plenar iclas üçün bir neçə qanun layihəsi təqdim edəcək". Bunu SİA-ya açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib.

M. Quliyevin sözlərinə görə, komitə parlamentin payız sessiyasında uzun zamandır müzakirə olunan ən aktual qanun layihələrindən birini plenar iclasın gündəliyinə salacaq: " Belə ki, "Nikaha girən şəxslərin icbari tibbi müayinəsi haqqında" Ailə Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi barədə layihə artıq hazırdır. Qanun layihəsi yəqin ki, gələn il qüvvəyə minər. Bundan sonra nikaha girən şəxslər Səhiyyə Nazirliyinin müəyyən etdiyi xəstəliklər üzrə icbari qaydada dövlət tibb müəssisələrində müayinədən keçəcəklər. Bununla da həmin şəxslər öz xəstəlik və sağlamlıqları haqqında məlumatlı olacaqlar".

"Xəstəlik aşkar olunarsa, cütlüklər bundan sonra nikaha girib-girməmək haqqında ətraflı düşünərlər. Onlar xəstə genin daşıyıcılarıdırsa, o zaman bunun qarşısını vaxtında almalıdırlar ki, bu xəstəlik övladlarına keçməsin. Qanunda belə bir maddə də yer alıb ki, cütlükləri müayinə edən həkim xəstəsindən başqa heç kimə məlumat verə bilməz və bu həkim sirri olaraq qalır. Bu sirrin pozulması da cinayət hesab olunur"- deyə, millət vəkili məsələ ilə bağlı fikirlərinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə