Masallı gəncləri Yay məktəbində iştirak etdilər FOTOLAR

Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi maarifləndirici layihəyə uyğun növbəti seçici maarifçiliyi təlimini Masallı rayonunda təşkil edib. SİA-nın məlumatına görə, "bələdiyyə seçkilərində ilk dəfə səs verəcək region gəncləri üçün seçici maarifçiliyi üzrə Yay məktəbi" adlanan layihə Şirvan şəhərində, Qax, Ağsu, Salyan və Masallı rayonlarında qarşıdan gələn (2014-cü ilin dekabrında keçirilməsi nəzərdə tutulur) bələdiyyə seçkiləri öncəsi vəziyyətə dair sorğu və ictimai monitorinqlərin keçirilməsinə, "Yay məktəbləri" vasitəsilə ilk dəfə səs verəcək region gənclərinə seçici hüquq və öhdəlikləri, bələdiyyə seçki qanunvericiliyi, seçki prosedurları və bələdiyyələrin səlahiyyətləri mövzularında interaktiv üsullarla maarifləndirici təlim sessiyalarının keçirilməsinə, "Bələdiyyə Qanunvericiliyi Toplusu", "ilk dəfə səs verəcək gənclər üçün yaddaş kitabçası"nın, təbliğati plakatların yayımına, gənc könüllü ictimai müşahidəçilərin hazırlanmasına, geniş PR fəaliyyətinə və davamlılıq olaraq əməkdaşlıq şəbəkəsinin qurulmasına yönəlib.

Masallı Gənclər Mərkəzində ilk dəfə səs verəcək fəal region gənclərinin iştirakı ilə keçirilən Yay məktəbinin - təlim sessiyasının açılışında ADTGT sədri Asif Əsgərli, təlimçi-ekspert Dadaş Əhmədov, rayon icra hakimiyyətinin, gənclər və idman idarəsinin məsul əməkdaşları və dairə seçki komissiyasının üzvü iştirak ediblər.

Rəsmi plenar hissədən sonra təlimçi-ekspert qarşıdan gələn bələdiyyə seçkilərində ilk dəfə vətəndaş məsuliyyəti daşıyacaq rayon gənclərinə milli qanunvericiliyə uyğun seçici hüquq və vəzifələri, seçici öhdəlikləri, seçki prosedur və qaydaları, bələdiyyə qanunvericiliyi, bələdiyyələrin cəmiyyətdə və yerli idarəçilikdə rol və səlahiyyətləri haqqında geniş bilgi və informasiyalar çatdırıb.

Təlim iştirakçılarının mövzuları daha maraqlı qavramaları üçün interaktiv məşğələlər, rol oyunları, işçi tapşırıqlar və digər maraqlı metodologiyalar tətbiq olundu, sorğu və qiymətləndirmə aparılıb.

2 gün davam edən Masallı "Yay məktəbi"nin sonunda iştirakçılara təlimin yekunlarına dair sertifikatlar təqdim olunub.

Qeyd edək ki, layihənin əsas mədsədi qarşıdan gələn bələdiyyə seçkilərində regionların ilk dəfə səs verəcək gənclərinin seçici maarifçiliyi sahəsində informasiya səviyyələrini yüksəltməklə, onların seçkilərdə fəal iştirakına nail olmaq və gənc elektoratın müstəqil, ədalətli və azad qərar qəbul etmək qabiliyyətini artırmaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...