Dini icmalar üçün regional konfrans işinə başlayıb FOTOLAR

Dini icmalar üçün regional konfrans işinə başlayıb FOTOLAR

Sentyabrın 16-da Qubada Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə respublikanın şimal bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, imam və axundlar, eləcə də fəal dindar və ilahiyyatçılar üçün ""Milli adət-ənənələrimiz və müasirlik"" mövzusunda ikigünlük regional konfrans işinə başlayıb. Komitənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili və aparılması, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunması məqsədilə keçirilən regional konfransın açılış mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Quba rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi Müzəffər Talıblı, millət vəkilləri Vahid Əhmədov, İlham Əliyev, Yevda Abramov, Qafqaz Müsəlmanlar İdarəsinin sədrinin müavini Qəmərxanım Cavadlı, ölkə ictimaiyyətinin, elmi dairələrin nümayəndələri iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Quba şəhərindəki abidəsini ziyarət edib, önünə əklil və tər güllər düzüblər.

Açılış mərasimində çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransın əhəmiyyətindən və ölkəmizdəki dövlət-din münasibətlərindən ətraflı danışıb, bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı sürətlənib.

Dövlət Komitəsinin sədri bu istiqamətdə Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edib və hazırda Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizin, dinimizin inkişafı istiqamətində həyata keçirdiyi işlərdən danışıb.

Ümummilli Lider Heydər Əliyevin "Biz dünyəvi dövlətik, amma dindən də ayrı deyilik" fikrini vurğulayan Mübariz Qurbanlı bildirib ki, bu gün ölkəmizdə dinlərarası münasibətlər ən yüksək səviyyədədir: "Hər kəsin dini etiqad azadlığı var. Bununla yanaşı, milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan, o cümlədən ölkə əhalisinin əksəriyyətinin etiqad etdiyi İslam dini və mədəniyyətinin təbliği prioritet məsələlərdəndir. Ancaq unutmaq lazım deyil ki, hazırda dünyada İslam dinini radikalizmə sürükləmə meyilləri artmaqdadır. Odur ki, dini maarifləndirmə işinə daha diqqətli yanaşılmalıdır. Ölkə dindarlarını xarici təsirlərdən qorumaq daha çox ruhanilərin üzərinə düşən məsuliyyətdir. Əsrlərin süzgəcindən keçərək müasir dövrümüzədək qoruyub saxladığımız milli-mənəvi, dini adət-ənənələrimizi yaşatmalı və onu düzgün şəkildə insanlara çatdırmalıyıq".

Tədbirdə çıxış edən din xadimləri ölkədə dini maarifləndirmə işinin gücləndirilməsinin zəruriliyini bildirib, son dövrlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə bu istiqamətdə həyata keçirilən tədbirləri yüksək qiymətləndiriblər.

Açılış mərasimindən sonra panellər üzrə davam edən konfransda bir neçə maraqlı məruzə dinlənilib.

"Milli kimliyimizin formalaşmasında milli-mənəvi dəyərlərimizin yeri və rolu" adlı plenar iclasda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının doktorantura şöbəsinin müdiri, tarix elmləri doktoru, prof. Musa Quluzadə "Müasir Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması (Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətləri kontekstində)", - Bakı Dövlət Universiteti İlahiyyat fakültəsinin müəllimi, f.d. Aqil Şirinov "Milli kimliyimiz və İslam dini", Bakı Dövlət Universiteti Tarix fakültəsinin müəllimi, ilahiyyatçı, f.d. Saleh Kazımov "Azərbaycan ruhaniliyi və milli dövlətçiliyimizin qurulması prosesi", mövzularında məruzələrlə çıxış ediblər.

Konfransda "Azərbaycanın Şimal bölgəsində ənənəvi İslam", "Ənənəvi İslam: dini radikalizmə qarşı mənəvi müdafiə sistemi", "İrfan məktəbi - ənənəvi İslamın bərpası mövzuları ətrafında fikir mübadiləsi aparılıb.

Konfransda həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Niyaz Yaqubov "Milli-mənəvi dəyərlərimizin təbliğ olunmasında dini icmaların yeri və rolu", Dini Araşdırmalar Mərkəzinin icraçı direktoru Natiq Rəhimovun "Din xadimlərinin natiqlik qabiliyyəti və motivasiya üsulları", Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası, ictimai məsələlər və analitik təhlil şöbəsinin müdiri Nahid Məmmədovun "Vətənpərvərlik milli-mənəvi dəyər kimi", Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası, ictimai məsələlər və analitik təhlil şöbəsinin müdir müavini Əliheydər Zülfüqarovun "Dini icmaların fəaliyyəti: imkanlar və perspektivlər", Qafqaz Müsəlmanları İdarəsinin Quba rayonu üzrə səlahiyyətli nümayəndəsi, Quba şəhəri "Hacı Cəfər" məscidinin imamı Elnur Əfəndiyevin "İslamda vətən və dövlət sevgisi", Milli Tolerantlıq Mərkəzinin icraçı direktoru, ilahiyyatçı Elmin "Milli adət-ənənələrimiz və müasir çağırışlar" mövzularındakı məruzələri konfrans iştirakçıları tərəfindən yüksək dəyərləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə