Sülh aylığı çərçivəsində tədbirlər davam etdirilir

Sülh aylığı çərçivəsində tədbirlər davam etdirilir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə Sülh aylığı çərçivəsində davam edən növbəti tədbir Fövqəladə Hallar Nazirliyinin (FHN-nin) Bakı Regional Mərkəzində keçirilib. Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, bu qurumun təşkil etdiyi dəyirmi masada nazirliyin Bakı Regional Mərkəzinin məsul nümayəndəsi Tale Şamçıyev çıxış edərək, Ombudsmanın təşəbbüsünü təqdir edib, hazırda respublikamızda Sülh aylığına həvəslə qoşulduqlarını bildirib, bəşəriyyətin, sivilizasiyaların inkişafına, xalqların tərəqqisinə yol açan sülh haqqında fikirlərini bölüşüb.

Tədbirdə çıxış edən Ombudsman Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Rəşid Rumzadə "Sülh hüququ insan hüquqlarının tərkib hissəsi kimi" mövzusunda çıxış edib. O, Ombudsman Aparatının FHN ilə sıx əməkdaşlığı çərçivəsində bu tədbirin təşkilinin, sülh və insan hüquqları mədəniyyətinin təbliğinin böyük əhəmiyyət daşıdığını vurğulayıb. Dövlət qurumları, vətəndaş cəmiyyəti və icmalar tərəfindən dəyirmi masalar, seminarlar, sərgilər və başqa tədbirlərin təşkil edildiyi diqqətə çatdırılıb.

İyirmi beş ildən artıq müddətdə Ermənistanın ölkəmizə qarşı təcavüzü ilə üzləşmiş xalqımız üçün sülh probleminin xüsusi əhəmiyyət daşıdığı, vəzifəsindən, peşəsindən, cinsindən, yaşından asılı olmayaraq, hər kəs üçün prioritet olduğu vurğulanıb. R. Rumzadə çıxışında diqqəti həmrəyliyin davamlı və nəticəli sülh naminə fəaliyyətin mütləq şərti olmasına, sülh ideyalarının insanlar arasında yayılmasının zəruriliyinə yönəldib.

Sülhün Azərbaycanda dövlət siyasətinin tərkib hissəsi olduğu bildirilib və bu siyasətin əsasının Ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğu və ölkə Prezidenti İlham Əliyev tərəfindən ardıcıl surətdə, uğurla həyata keçirildiyi, bir çox ölkələrin Azərbaycanın ərazi bütövlüyünü tanıdığı, Ermənistanın mövcud status-kvonun uzadılmasına maraqlı olduğu vurğulanıb və ölkə başçısının bu barədə fikri səsləndirilib: "Status-kvo daim dəyişməz olaraq qala bilməz, mütləq dəyişdiriləcək və biz istəyirik ki, bu, tezliklə sülh yolu ilə olsun".

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş və uğurla icra olunan İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramında (MFP) əhalinin hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, ayrı-seçkiliyin yolverilməzliyi, sülh və dözümlülük mədəniyyətinin, xalqımızın milli-mənəvi dəyərlərinin təbliği məqsədilə maarifləndirmə tədbirlərinin keçirilməsinin nəzərdə tutulduğu və bu istiqamətdə müəyyən işlərin görüldüyü diqqətə çatdırılmışdır.

Müzakirələrdən sonra Azərbaycanın ictimai-siyasi, mədəniyyət və incəsənət xadimlərinin sülh mövzusuna həsr olunmuş fikirlərindən ibarət videoçarxların təqdimatı olmuşdur.

Qeyd olunmalıdır ki, Ombudsman Sülh aylığı çərçivəsində silsilə tədbirlərin təşkili, əhali ilə yerlərdə görüşlərin, geniş maarifləndirmə işlərinin aparılması ilə bağlı Gəncə, Şəki, Quba və Cəlilabad regional mərkəzlərinin əməkdaşlarına da tövsiyələr vermiş və respublikamızın bölgələrində bu istiqamətdə silsilə tədbirlər davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə