Məlum olduğu kimi, 1994-cü ildə BMT-nin Baş Assambleyası 16 sentyabr tarixini Beynəlxalq Ozon qatının qorunması günü elan edib. Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin (AUGSŞ) üzvləri bu əlamətdar günü təhsil aldıqları məktəblərdə keçirmək təşəbbüsünü irəli sürməklə, öz həmyaşıdlarını bu hərəkata qoşulmağa dəvət ediblər. Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, bu nüfuzlu qurumun Ətraf-Mühit Proqramı (UNEP) və Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) Yer kürəsinin ozon təbəqəsinin zədələnməsi probleminin diqqət mərkəzinə gətirilməsində mühüm rol oynayıb. Monreal Protokolu kimi tanınan razılaşmanın bağlanması sayəsində dünya ölkələrinin hökumətləri ozon qatının nazilməsinə səbəb olan kimyəvi maddələri istifadədən çıxarır və onları daha təhlükəsiz alternativ maddələrlə əvəz edirlər.
BMT-nin Baş Katibi cənab Ban Ki Mun bugünlərdə beynəlxalq ozon qatının qorunması münasibətilə bir daha hökumətlər, icmalar və fərdlər tərəfindən konkret tədbirlərin görülməsi ilə bağlı dünya xalqlarına müraciət edib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekologiya İdarəsinin və Ombudsman Elmira Süleymanovanın təşəbbüsü ilə AUGSŞ-nin Liderlik Məktəbinin yetirmələri 16 sentyabr 2014-cü il tarixdə Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin şagirdləri üçün "Ozon qatının qorunması günü"nə həsr olunmuş açıq dərs keçiriblər. Adı çəkilən İdarənin əməkdaşları iştirakçılara Yer kürəsinin Ozon təbəqəsi haqqında ətraflı məlumat veriblər.
Açıq dərsdə Şəbəkə üzvlərinin Beynəlxalq Ozon Qatının Qorunması Günü münasibətilə qəbul etdikləri müraciət səsləndirilib.
Qeyd olunmalıdır ki, vaxtilə Elmira Süleymanovanın yaratdığı və hazırda Müvəkkilin uşaq hüquqları üzrə resurs mərkəzi kimi səmərəli fəaliyyət göstərən Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin üzvləri bir çox ekoloji yönümlü layihələrin müəllifi olaraq, böyüyən nəslin ekoloji tərbiyəsinin, ekoloji şüurunun formalaşmasında, həmyaşıdlarına ekoloji hüquq üzrə biliklərin aşılanmasında, bu istiqamətdə vəzifələrin izah edilməsində mühüm iş görürlər. Şəbəkənin yetirmələri uşaq və gənclərdə doğma təbiətə, ətraf mühitə məhəbbət, qayğılı münasibət, onun korlanmasına qarşı barışmazlıq hissləri və təbiətin mühafizəsi üzrə zəruri bacarıq və vərdişlər formalaşdırmaq, gənc nəsli fəal ekoloji fəaliyyətə hazırlamaq kimi vəzifələri öndə tutaraq, bu cür tədbirlərin həyata keçirilməsinə, yaşından asılı olmayaraq, bütün dünya ictimaiyyətini ekoloji problemlərin həllinə dəstək verməyə çağırış edirlər.
Sonda tədbir iştirakçılarına ARDNŞ-in Ekologiya İdarəsi tərəfindən müxtəlif hədiyyələr təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB