Mübariz Qurbanlı: "Ölkəmizdə dini icmalar arasında qarşıdurma ehtimalı ola bilməz"

Mübariz Qurbanlı: "Ölkəmizdə dini icmalar arasında qarşıdurma ehtimalı ola bilməz"

Sentyabrın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Qubada vətəndaşları qəbul edib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qəbulda Quba ilə yanaşı, şimal regionunun digər rayonlarından olan sakinlər də qatılıblar.

DQİDK-nın sədri görüşə gəlmiş vətəndaşları narahat edən məsələləri dinləyib, təkliflər barəsində birgə fikir mübadiləsi aparılıb. Görüşdə dindarlar komitə sədri ilə əsasən ibadətgahların, dini icmaların və məscidlərin qeydiyyatı məsələsi barədə söhbət aparıblar. Görüşdə vətəndaşlardan bir sıra şikayətlərin daxil olduğunu bildirən DQİDK-nın sədri Mübariz Qurbanlı bu məsələlərin tezliklə həll ediləcəyini bildirib. O, həmçinin şimal regionunda yaşayan din xadimlərinin, həmçinin dini icmaların təşkilatçılığını yüksək qiymətləndirib. Komitə sədri bildirib ki, bəzi qruplar Azərbaycanda xırda təriqətləri yaymağa cəhd etməyə çalışsalar da bu cür cəhdlərin qarşısı qətiyyətlə alınır.

Onun sözlərinə görə, belə təriqətlərin ölkəmizdə yer tapması, özünü təsdiq etməsi mümkün deyil: "Azərbaycandakı ictimai-siyasi həyatdakı sabitlik dini sahədə də özünü göstərir. Ölkəmizdə dini icmalar arasında qarşıdurma ehtimalı ola bilməz. Dini icmalar arasında münasibətlər normaldır".

Mübariz Qurbanlı həmçinin bildirib ki, gələcəkdə Azərbaycandakı orta məktəblərdə dini dərslər tədris oluna bilər: "Hazırda məktəblərdə müxtəlif dərsliklərin içərisində tarix və ədəbiyyat dərsliklərində şagirdlərin dini biliklərinin artırılması üçün materiallar var. Amma gələcəkdə bu sahəyə cavabdeh mütəxəssislərin, təhsil işçilərinin və din xadimlərinin iştirakı ilə müzakirələr aparılaraq, orta məktəblərdə dini dərslər kurs formasında tədris oluna bilər. Hələlik belə bir ideya var. Amma mənim təşəbbüsüm deyil".

Sonda vətəndaşlar tərəfindən edilən müraciətlərin həlli istiqamətində tapşırıq və tövsiyələr verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə