Gənclər Siyasəti üzrə I Qlobal Forumla bağlı iclas keçirilib FOTOLAR

Gənclər və İdman Nazirliyində nazir Azad Rəhimovun rəhbərliyi ilə 28-30 oktyabrda Bakıda keçiriləcək Gənclər Siyasəti üzrə I Qlobal Forumla bağlı təşkilat komitəsinin iclası keçirilib. Nazirliyin mətbuat katibi Səmayə Məmmədovanın SİA-ya verdiyi məlumata görə, iclasda 20-yə yaxın dövlət qurumunun - Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Maliyyə Nazirliyi, Xarici İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Nəqliyyat Nazirliyi, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi, Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTac), "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti, Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti, Mədəniyyət və Turizm Nazirliyi və "İçərişəhər" Dövlət Tarix- Memarlıq Qoruğunun rəsmiləri iştirak edib.

Nazir Azad Rəhimov qeyd edib ki, dünyada baş verən siyasi proseslərdə gənclərin rolu çox böyükdür. Məhz elə bu səbəbdən gənclər siyasətinə böyük önəm verən BMT Baş katibi Ban Ki Mun ikinci dəfə tutduğu vəzifəyə seçilərkən təqdim etdiyi 5 əsas istiqamətdən birinin gənclər siyasəti ilə bağlı olduğunu bildirib və qurumun nəzdində gənclər siyasəti üzrə xüsusi büronun yaradılması qərarına gəlib. Qeyd edilib ki, BMT-nin nəzdində yaradılmış Gənclər Siyasəti üzrə xüsusi qurumun elçisi Əhməd Əlhəndavini ölkəmizdə rəsmi səfərdə olub və Forum ətrafında geniş müzakirələr aparılıb.

Azad Rəhimov deyib ki, Azərbaycan forumun ölkəmizdə keçirilməsi təklifini irəli sürən ilk ölkələrdən biri olub: "Mənim 2014-cü ilin mart ayında Amerika Birləşmiş Ştatlarına rəsmi səfərim çərçivəsində BMT-də keçirdiyim görüş zamanı Forumun Azərbaycanda keçirilməsi ideyasına dəstək gəlib. Xüsusi ilə qeyd etməliyəm ki, Bakı şəhərində oktyabr ayında gerçəkləşəcək Gənclər Siyasəti üzrə I Qlobal Forum dünyanın gənclər siyasəti sahəsində yeni model olacaq".

Qeyd edək ki, foruma 170-dən artıq ölkədən 700-dən artıq iştirakçının qatılacağı gözlənilir. Forumda gənclər siyasəti üzrə yeni istiqamətlərin işlənilməsi, növbəti illər üçün yeni addımların atılması, gənclər siyasəti üzrə müxtəlif ölkələrlə təcrübə mübadiləsinin aparılması və bu istiqamətdə əhəmiyyət kəsb edən digər mövzular diqqət mərkəzində olacaq. Forumda eyni zamanda gənclər siyasəti üzrə yeni prinsipləri müəyyən edən sənədin də hazırlanması nəzərdə tutulur. Forumun 5 əsas tərəfdaşı- Avropa Şurası, UNESCO, BMT-nin İnkişaf Proqramı, BMT-nin Gənclər siyasəti üzrə elçisi və Azərbaycan Hökumətidir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...