Musa Quliyevin yas və toy mərasimləri ilə bağlı təklifləri

Musa Quliyevin yas və toy mərasimləri ilə bağlı təklifləri

Son zamanlar mətbuatda əsas müzakirə mövzusu yas və toy mərasimlərində israfçılığa yol verilməməsi məsələsini həll etməkdir. Artıq bununla bağlı aksiyalara da başlanılıb. Məsələ ilə bağlı Milli Məclisin Sosial siyasət komitəsini sədr müavini Musa Quliyev SİA-ya açıqlamasında bir neçə təklif səsləndirib.

Millət vəkilinin təklifləri aşağıdakılardır:

"Ümumilikdə götürdükdə israfçılıq bizim dinimizdə, adət-ənənələrimizdə mənfi hal kimi qiymətləndirilir və günah hesab olunur. Təəssüf ki, həm yas, həm toy mərasimlərində, eləcə də ailə məclislərində həddindən artıq israfçılığa yol verilir. Bu, bir tərəfdən xalqımızın qonaqpərvər olmasından irəli gəlirsə, digər tərəfdən də təəssüf ki, mərasim və istehlak mədəniyyətinin lazımlı səviyyədə olmamasından xəbər verir. Bu da cəmiyyəti ciddi narahat edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev toplantıların birində bu barədə fikirlərini deyərək tövsiyələrini verib. Xüsusilə də toy mərasimlərinin həddindən artıq dəbdəbəli keçirilməsinin gərəksiz və sadəliyin ən böyük gözəllik olduğunu deyib. Belə dəbdəbəli toy və yas mərasimlərinin keçirilməsi, həddindən artıq çox qonağın dəvət olunması, süfrəyə yeməklərin çox qoyulması bir sıra problemləri qabardır. Bu kimi hallar sosial bərabərliyin, ədalətin pozulmasına səbəb olur ki, bununla da cəmiyyətdə harmoniya pozulur.

Bazar iqtisadiyyatı şəraitində yaşayan ölkəyik. Ona görə də müxtəlif təbəqəli insanlar var. Hər kəsin həm toyu, həm də yas mərasimi özü üçün əzizdir. Heç kəs də istəmir ki, başqalarından kəskin şəkildə fərqlənsin. Buna görə də aşağı təbəqəli insanlar borca düşür və həyatları ağırlaşır. Bu da cəmiyyətdə ədalətin olmaması görüntüsü yaradır. Bu səbəbdən də peyğəmbərimiz deyirdi ki, istər yeməklərdə, istərsə də geyimlərinizdə başqalarından fərqlənməyə çalışmayın. Odur ki, yas və toy mərasimlərinin daha sadə keçirilməsi cəmiyyətin içindən doğan sosial sifarişdir.

Son günlərdə xüsusilə də yas mərasimlərinin sadələşdirilməsi, eləcə də bu məclisin yemək-içmək mərasiminə çevrilməsi, adət-ənənələrə uyğun şəkildə baş tutması üçün tələb var. Artıq bununla bağlı respublikanın bütün ərazisini əhatə edən aksiyalar başlayıb. Bəziləri, xüsusilə də müxalifət mətbuatı bunun əleyhinə çıxırlar. Qeyd edirəm ki, xalqımızın heç vaxt belə adət-ənənələri yoxdur. Yas mərasimlərin yeyib-içməyin verilməsi, dəbdəbəli süfrənin açılması sovet dönəmi ilə bağlı formalaşan qüsurlu ənənədir. Sovetlər İttifaqında yaşayarkən istər-istəməz xristian dininə mənsub insanların süfrə mədəniyyəti də bizim mərasimlərə təsir etdi. Çünki xristian dünyasında toydan fərqlənməyən süfrə açırlar. Hətta belə mərasimlərdə spirtli içkilər də qəbul edirlər. Təbii ki, bu, onların öz işidir. Bəlkə də sovetlər dövründə bilərəkdən islam dinini sarsıtmaq istəyərək, bu kimi süfrə mədəniyyəti məclislərimizə ayaq açdı. Ancaq buna qədər Azərbaycanda yas mərasimlərində yemək verilməsi praktikası olmayıb.

Bu gün heç bir müsəlman dövlətində süfrələr açılmır və bu şəkildə ehsan verilmir. Əgər kiminsə ehsan vermək fikri varsa, o zaman bunu məscidlərdə həyata keçirə bilərlər. Ona görə də yas mərasimlərinin sadələşdirilməsi və yemək süfrəsinin yığışdırılması lazımlı addımdır. Xüsusilə də nəzərə almaq lazımdır ki, Naxçıvanın 10 ildən artıq davam edən müsbət təcrübəsi var və insanlar öz yas mərasimlərini sadələşdirməklə həm vaxta qənaət edirlər, həm lüzumsuz ərzaq və vəsait xərcinə şərait yaranmır, eyni zamanda öz mərasimlərini islam adət-ənənələrinə uyğun şəkildə yola verirlər. Hesab edirəm ki, bu təcrübə digər rayon və şəhərlərdə də tətbiq olunmalıdır.

Şübhəsiz ki, bütün bu tələblər könüllü şəkildə olmalıdır. Təbii ki, burada heç bir zorakılıqdan söhbət gedə bilməz. Ona görə də məhz yas mərasimlərinin idarə olunması ilə bağlı hər hansı qərar qəbul edilə bilməz. Çünki mərasim uzun illər ərzində formalaşan normadır. Bu normanı da cəmiyyətin özü lazım gələndə tələblərə görə dəyişir. Sadəcə cəmiyyətə daha çox nümunəvi təcrübələr göstərməli və onları maarifləndirmək lazımdır. Nümunəni də ilk növbədə din xadimləri, məscidlərin nəzdində fəaliyyət göstərən mərasim zalları, siyasi xadimlər göstərməlidir. Eyni zamanda məsələ ilə bağlı davamlı şəkildə təbliğat işləri aparılmalıdır.

Bununla yanaşı, yas mərasimlərində pul yazılmasına da ehtiyac yoxdur. Bildiyiniz kimi, dövlət müdafiəsi zəif olan insanların yas xərclərini ödəyir. Yaxşı olardı ki, nəzərdə tutulan məbləği daha optimal vəziyyətə çatdırılsın. Yəni, tutaq ki, dövlət yas xərclərini ödəməsin, ancaq məclisi və dəfn işini də öz üzərinə götürsün. Bələdiyyə və yerli icra hakimiyyəti bu məsələ ilə məşğul ola bilər. Eyni zamanda yas mərasimlərinə çoxlu sayda insanların toplaşmasının da tərəfdarı deyiləm. Elə insanlar var ki, mərhumun həm ölən günü, həm 7-si, həm 40-ı, həm də ilində gəlir. Bu da azmış kimi, ölən üçün cümə axşamlarının verilib-verilməməsini də soruşurlar. Axı deyən lazımdır ki, bu insan bir dəfə ölüb və bir dəfə başsağlığı vermək kifayətdir. Bu bir yandan da mənəviyyatı korlayan adət-ənənədir. XXI əsr informasiya-kommunikasiya dövrünü yaşayırıq və bir telefon zəngi ilə də öz sözünü demək mümkündür. Vacib deyil ki, hansısa rayondan durub şəhərə gəlmək lazımsızdır. Təbii ki, bu, yaxın qohumlara aid deyil.

Eyni zamanda qəbirüstü abidələrin dəbdəbəli şəkildə düzəldilməsi məsələsini dəfələrlə qabartmışam. Bu məsələni həmçinin Milli Məclisin payız sessiyasının iclasında da müzakirəyə çıxaracağam. Hesab edirəm ki, bununla bağlı yeni standartlar işlənib hazırlanmalıdır. Yeni qəbiristanlıq yerləri ayrılmalıdır. Həmin qəbiristanlıqda basdırılan şəxslərin qəbirüstü abidələri standart formada çox sadə götürülməlidir. Abidənin üzərində mərhumun adı, soyadı, doğum və ölüm tarixi olsa bəs edər. Yaxud da elə ola bilər ki, bunu da dövlət öz üzərinə götürə bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə