Səfər Mehdiyev: “Spesifik sahələrə diqqət artıb” AÇIQLAMA

Səfər Mehdiyev: “Spesifik sahələrə diqqət artıb” AÇIQLAMA

Azərbaycan Respublikası Gömrük Komitəsinin Akademiyasına 40 tələbə qəbul olunub. Bu tələbələrdən 20 nəfəri "İqtisadiyyat" ixtisası üzrə, digər 20 nəfəri isə "Hüquqşünas" ixtisası üzrə təhsil alacaqlar. SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Səfər Mehdiyev deyib.

DGK rəsmisinin sözlərinə görə, hazırda Akademiyada bir fakültə fəaliyyət göstərir: " Bu açılışı bakalavr dərəcəsi üzrə təhsil proqramının başlanğıcı hesab edirik. Digər fakültələr və ixtisasların açılması ilə bağlı professional müəllim heyəti ilə məsləhətləşdikdən sonra, bu məsələni nəzərdən keçirəcəyik. Akademiyada təhsil həm ödənişli, həm də ödənişsiz əsaslarla olacaq. Tələbələrdən 20 nəfəri ödənişli, 20 nəfəri də ödənişsiz əsaslarla təhsil alacaqlar".

Digər ali təhsil müəssisələrindəki "Gömrük" fakültələrinin bu Gömrük Akademiyasına köçürülməyəcəyini diqqətə çatdıran S. Mehdiyev, bu fakültələrdə oxuyan tələbələrin dövlət sifarişi əsasında təhsil aldıqlarını söyləyib: "Onlar da sırf gömrük ixtisası üzrə oxuyurlar və gömrük orqanlarında işə girmək üçün test imtahanından keçir və işə qəbul olunurlar. Bir neçə ay əvvəl keçirilən test imtahanları nəticəsində müxtəlif universitetlərin "Hüquq" və "İqtisadiyyat" ixtisasları üzrə bitirmiş 30-dan yuxarı məzun gömrük orqanlarında işlə təmin olunublar. Hətta Gömrük Akademiyasından məzun olacaq gənc kadrlar da imtahan yolu ilə işə qəbul olunacaqları üçün birbaşa təyinat olmayacaq".

Səfər Mehdiyev bildirib ki, dövlət tərəfindən göstərilən qayğının nəticəsi olaraq xüsusi və spesifik sahələrə diqqət artıb: "Gömrük Akademiyası Azərbaycan Prezidenti İlham Əliyevin 2013-cü ilin yanvar ayında qəbul etdiyi sərəncamı ilə təsis edilib. Bu Akademiyanın açılmasına əsas səbəb, tam gömrük ixtisasına yiyələnmiş kadrların hazırlanmasıdır. Bizim əsas hədəfimiz, yaxın gələcəkdə Avropadan və digər ölkələrdən akademiyaya tələbələrin cəlb olunması, onlara istər bakalavr, istərsə də magistatura səviyyəsində kursların təşkil olunmasıdır. İkinci məqsədimiz isə gömrük işinin incəliklərinin gənc nəslə professional səviyyədə gənc nəslə öyrədilməsidir".

Bütün xəbərlər Facebook səhifəmizdə