"Əgər hər hansı bir QHT bundan narahatlıq keçirirsə, mən onu anlaya bilmirəm ki, onlar hansı səbəbdən əndişə hissi keçirirlər". Bu fikirləri SİA-ya açıqlamasında Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) rəhbəri Azər Həsrət Azərbaycanda xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının nümayəndəliklərinin, yaxud filiallarının fəaliyyəti ilə bağlı qaydaların dəyişdirilməsi ilə bağlı Milli Məclisə ediləcək təkliflərə münasibətini bildirərkən deyib.
Azər Həsrət bildirib ki, Azərbaycan hüquqi bir dövlətdir, özünün Konstitusiyası və qanunları var: "Təbii ki, Azərbaycanın bir dövlət olaraq öz milli təhlükəsizlik maraqları var. Bu baxımdan, xaricdən bizim ölkəyə gələrək fəaliyyət göstərmək istəyən istənilən QHT, eləcə də hər hansı digər bir vətəndaş cəmiyyəti institutu mütləqdir ki, Azərbaycanın qanunlarına tabe ola. Bu baxımdan, Azərbaycan dövlətinin tam təbii haqqı var ki, istənilən xarici QHT-nin öz ərazisində, yəni Azərbaycan Respublikasındakı fəaliyyətini özü müəyyənləşdirdiyi qaydalarla tənzimləsin".
CASCFEN rəhbəri onu da bildirib ki,Milli Məclis bu haqda qanun qəbul edərsə, heç bir beynəlxalq standartlar pozulmaz: "Təbiidir ki, burada söhbət beynəlxalq standartlardan gedirsə, Azərbaycan bu addımı atmalı idi və bu qanun qəbul olunarsa, heç bir beynəlxalq standartlar pozulmur. Yəni belə bir hal baş verərsə, hesab edirəm ki, bütün beynəlxalq QHT-lər də bu qanunu anlayışla qarşılamalıdırlar və əgər doğrudan da Azərbaycanda qanuni çərçivədə fəaliyyət göstərmək istəyirlərsə, öz əməllərinə gizli heç nə nəzərdə tutmurlarsa, belə bir tənzimləmədən onlar heç bir zərər görməyəcəklər".
Azər Həsrət bu praktikanın Qərb ölkələrində də mövcud olduğunu xatırladıb: "Əlbəttə ki, heç bir xarici ölkədə xarici ölkədən gəlmiş heç bir xarici QHT-lər özbaşına buraxılmır. ABŞ-dan tutmuş Avropanın ən inkişaf etmiş ölkələri adlandırılan Almaniya kimi, Fransa kimi ölkələrdə belə, hər hansı xarici təşkilatlar fəaliyyət göstərmək istəyirlərsə, buna müvafiq qaydada ölkənin qanunvericiliyinə uyğun şəkildə icazə alır, yaxud da ki, öz fəaliyyəti haqqında müvafiq orqanlara məlumatını verir. Yəni bütün bunlar normal qarşılanır və heç kim də bundan əndişə duymur. Azərbaycanın da bu standartlara, bu normalara uyğun tənzimləmələrini həyata keçirməsinə təbii yanaşılmalıdır və buna ölkənin hüququ da çatır".
Qeyd edək ki, Azərbaycanda xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının nümayəndəliklərinin, yaxud filiallarının fəaliyyəti ilə bağlı qaydalar sərtləşdirilməsi ilə bağlı layihə Milli Məclisin müzakirəsinə tövsiyə olunub.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB