2 saylı "ASAN Xidmət" yanğına görə işini dayandırdı vətəndaşlar digər mərkəzlərə müraciət edə bilər

2 saylı "ASAN Xidmət" yanğına görə işini dayandırdı vətəndaşlar digər mərkəzlərə müraciət edə bilər

"Bakının Xətai rayonu, A. Nobel prospetində yerləşən 2 saylı "ASAN Xidmət" Mərkəzi bu gün müvəqqəti olaraq vətəndaşlara xidmət göstərməyəcək. Buna səbəb AMAY ticarət mərkəzində baş verən yanğınla bağlı vətəndaşların təhlükəsizliyini təmin etməkdir". Bunu SİA-ya açıqlamasında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Anar Hüseynov deyib.

Onun sözlərinə görə, mərkəz bu gün yanğınla əlaqədar bağlı olacaq: "2 saylı "ASAN Xidmət" Mərkəzi AMAY ticarət mərkəzinin olduğu binada yerləşir. Yanğın nəticəsində "ASAN Xidmət"in əməkdaşları və ora gələn vətəndaşlar arasında xəsarət alan olmayıb, mərkəzə hər hansı zərər dəyməyib. Lakin təhlükəsizlik baxımından bu günlük işləri dayandırırıq. Hələlik araşdırılma aparılacaq. Yəqin ki, sabahdan fəaliyyətimizi bərpa edəcəyik. Vətəndaşlara tövsiyə edirik ki, Bakıda yerləşən digər "ASAN xidmət"mərkəzlərinə müraciət etsinlər".

Qeyd edək ki, bu gün səhər paytaxtın Xətai rayonu, A.Nobel prospetində yerləşən AMAY ticarət mərkəzində yanğın baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə