Tbilisidə Cənubi Qafqazda din və etiqad azadlığı mövzusunda konfrans keçirilib

Tbilisidə Cənubi Qafqazda din və etiqad azadlığı mövzusunda konfrans keçirilib

Sentyabrın 11-12-də Gürcüstanın paytaxtı Tbilisidə "Cənubi Qafqazda din və etiqad azadlığı" mövzusunda beynəlxalq konfrans keçirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Niderland Krallığının Xarici İşlər Nazirliyi, BMT-nin İnsan Hüquqları üzrə ali komissarının ofisi və Azlıqların Məsələləri üzrə Avropa Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən konfransın məqsədi Cənubi Qafqazda vicdan azadlığına dair mövcud vəziyyəti müzakirə etmək və dini icmalar arasında əməkdaşlıq istiqamətində fikir mübadiləsi aparmaq olub.

Tədbirdə Azərbaycanı Prezident Administrasiyasının, Ombudsman Aparatının, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, eləcə də ölkəmizdə fəaliyyət göstərən əksər dini konfessiyaların nümayəndələri təmsil edib.

Nümayəndə heyəti konfransdan əvvəl ulu öndər Heydər Əliyevin Tbilisidəki abidəsini ziyarət edib, Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyində olub.

Tədbirin birinci günü Ombudsman Aparatının sektor müdiri Rəşid Rumzadə, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullah, Azərbaycan Avropa Yəhudiləri dini icmasının ravvini Şneor Seqal Azərbaycanda mövcud dini vəziyyət, dövlətin dini icmalara qayğısı, ölkəmizin tolerantlıq ənənələri, dini konfessiyalar arasında əməkdaşlıq mühiti barədə çıxış ediblər.

Konfransın ikinci günü Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Alban-Udi dini icmasının sədri Robert Mobili, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan yeparxiyasının nümayəndəsi Mifodiy, "Həyat sözü" dini icmasının sədr müavini Elçin Paşayev, QMİ-nin şöbə müdiri Zülfüqar Fərzəliyev məruzələrlə çıxış ediblər.

Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov çıxışında ölkəmizdəki dini durumla bağlı ümumi mənzərə, Azərbaycanda din-dövlət münasibətləri sahəsində qanunvericilik, din siyasəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini icmaların fəaliyyətinin istiqamətləndirilməsi və onlara yardım göstərilməsi istiqamətində gördüyü işlər barədə məlumat verib. G.İsmayılovun torpaqlarımızın işğalı nəticəsində dini abidələrimizin dağıdılması və insan hüquqlarının pozulması barədə Azərbaycan həqiqətlərini konfrans iştirakçılarına çatdırması tədbirdə iştirak edən erməni nümayəndə heyətində qıcıq yaradıb. Onların Azərbaycan nümayəndə heyəti tərəfindən ölkəmizdəki tolerantlıq barədə məlumatların guya şişirdilməsi fikirlərinə sədr müavini cavab verərək bildirib ki, onun özü 10 yaşında ikən Laçın rayonundan məcburi köçkün kimi Bakı şəhərinə gəlib və hazırda yaşadığı bu şəhərdə azərbaycanlılarla bərabər ermənilər də yaşayır. Bakının mərkəzindəki erməni kilsəsi dövlət tərəfindən bərpa edilib. Ermənistanda isə bir nəfər də olsun azərbaycanlı və ya bir dənə Azərbaycan məscidi yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə