Jurnalistlərə xidməti pasportların verilməsinə ehtiyac var, yoxsa yox? SORĞU

Jurnalistlərə xidməti pasportların verilməsinə ehtiyac var, yoxsa yox? SORĞU

Son zamanlar medianın gündəmində olan məsələlərdən biri də jurnalistlərə xüsusi xidmət pasportlarının verilməsidir. SİA məsələ ilə bağlı media kapitanları və müvafiq aidiyyəti qurumların rəsmiləri ilə əlaqə saxlayıb.

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu: "Jurnalistlərə nə vaxtsa xidməti pasportlar verilsə, bu media nümayəndələrinin xaricə səfər proseslərini yüngülləşdirə bilər. Eyni zamanda bu, jurnalistlərin ictimai nüfuzunun artmasına kömək edə bilər. Müxtəlif səbəblərə görə media rəhbərləri xarici ölkələrə səfər edirlər. Bu prosesdə onlar bir növ Azərbaycan informasiya məkanını beynəlxalq mətbuata inteqrasiya etmiş olurlar. Ona görə də heç olmasa baş redaktorlara xidməti pasportlar verilsə, bu məqbul sayıla bilər".

"İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə: "Bu gün Azərbaycanda peşəkarlarla yanaşı, öz peşəsinə sahib olmayan, işinə xələl gətirən müxtəlif kateqoriyalı jurnalistlər var. Ona görə də əvvəlcədən bu kimi məsələlər analiz olunmalıdır. Bundan sonra jurnalistlərə xidməti pasportların verilməsi məsələsini gündəmə gətirmək olar. Sağlam niyyətli, eləcə də işinin öhdəsindən peşəkarcasına gələn jurnalistlərə xidməti pasportların verilməsinin tərəfdarıyam. Lakin reketçiliklə, yalan informasiyalar yaymaqla məşğul olan media nümayəndələrinə bu cür güzəştlərin edilməsi düzgün olmazdı".

"Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli: "Şübhəsiz, xidməti pasportların müəyyən üstünlükləri var və peşəsi ilə əlaqədar xaricə tez-tez səfər edən jurnalistlərin bu üstünlüklərdən yararlanması yaxşı olardı. Lakin bunun üçün qanunvericiliyə əlavə və dəyişikliklər etmək lazımdır. Mövcud qanunda elə şəxslərə xidməti pasportların verilməsi nəzərdə tutulub ki, onların heç buna ehtiyacı yoxdur. Misal olaraq, Azərbaycan Milli Elmlər Akademiyasının regional elmi mərkəzlərinin, institutlarının və Akademiyanın institutlara bərabər tutulan digər elmi müəssisələrinin direktorları, direktor müavinləri, şöbə (laboratoriya) rəhbərləri, elmi katiblərinə bu kimi pasportların verilməsi elə də vacib məsələ deyil".

"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı: "Jurnalistlərə xüsusi xidmət pasportlarının verilməsindən daha çox nəqliyyatda və müəyyən yazı ləvazimatlarının alınması üçün onlara güzəştli kartların verilməsi yaxşı olardı. Bu, jurnalistlərin sosial problemlərinin həllində daha yararlı olar. Xüsusi xidmət pasportlarının hansı jurnalistlərə verilməsi üçün ciddi araşdırmalar aparılmalıdır. Bu gün Azərbaycanda həm yazılı, həm də elektron mediada kifayət qədər peşə davranış kodekslərinə uyğun olmayan qəzetlər var. Ona görə də bu cür qəzetlərə belə imkanlardan yararlanmağa imkan vermək olmaz. Hansı qəzetlər peşəkar və Mətbuat Şurasının tövsiyələrinə əməl edirsə, həmin qəzetlər üçün bu imkan məqbul sayıla bilər".

Mövcud məsələnin Milli Məclisin iclasında müzakirə olunması məsələsinə gəlincə, millət vəkili Fəzail Ağamalı deyib ki, Azərbaycanda az qala 10 mindən çox jurnalist var və onların hamısına xüsusi xidmət pasportları verilməsinə ehtiyac yoxdur: "Bu ideyaya müsbət yanaşmıram, çünki buna ehtiyac da yoxdur. Bəlkə də sırf qəzet redaktorları üçün xidməti pasport hazırlana bilər. Jurnalistlər və ya redaktorlar ildə bir-iki dəfə xaricdə tədbirlərdə olursa, bunun üçün xidməti pasportların verilməsinə nə ehtiyac var? Hərhalda bu kifayət qədər ciddi statusdur, ona görə də statusun bu şəkildə tətbiqinin baş tutmasına o qədər də inandırıcı yanaşmıram".

Mətbuat şurasının sədr müavini, Jurnalistlərin həmkarlar ittifaqının sədri Müşfiq Ələsgərli: "Beynəlxalq aləmdə adətən jurnalistlərə vahid kartlar verilir ki, istədikləri dövlət qurumlarına rahatlıqla daxil ola bilsinlər. Görünür, Azərbaycanda jurnalistlərə xidməti pasportların verilməsi məsələsi yeni ideyadır. Bu barədə hazırda konkret fikir mübadiləsi aparılmır. Ümumilikdə isə Azərbaycanda jurnalistlərə güzəşt kartlarının verilməsi dəfələrlə müzakirə olunub. Uzun müzakirələrdən sonra qərara gəlindi ki, media nümayəndələrinin əmək haqlarının artırılması üçün şərait yaradılsın. Buna görə də son 4-5 il ərzində jurnalistlərin əmək haqlarında artım müşahidə olunur. Xidməti pasportların verilməsi məsələsinə gəlincə, bu, qanunvericiliyə uyğun olaraq tənzimlənir. Jurnalistlərə xidməti pasportların verilməsi məsələsinə qanunda yer verilməyib. Bu səbəbdən məsələ aktual deyil, lakin müzakirə kimi ictimailəşdirib, məsələyə baxmaq olar".

Bütün xəbərlər Facebook səhifəmizdə