Gürcüstanın Baş naziri Dənizkənarı Milli Parkı gəzib

Azərbaycanda rəsmi səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili sentyabrın 11-də Dənizkənarı Milli Parkı gəzib. Baş nazir İrakli Qaribaşviliyə məlumat verilib ki, Bakının ən maraqlı və spesifik təbii şəraiti olan guşələrindən biri də Dənizkənarı Milli Parkdır. Bu məkan şəhər sakinlərinin, qonaqların ən sevdiyi istirahət yerlərindən biridir. 1998-ci il dekabrın 29-da Prezident Heydər Əliyevin Sərəncamı ilə dənizkənarı bulvara "Milli Park" statusu verilib. Bu gün Bakının Dənizkənarı Milli Parkı ərazisinin böyüklüyünə görə Parisin Sena çayı sahilindəki parkdan sonra Avropada ikincidir.

Qeyd edilib ki, son illər Dənizkənarı Milli Parkda böyük tikinti və abadlıq işləri həyata keçirilib. Bulvarın ərazisi dənizə doğru bir neçə metr genişləndirilib, yaşıllıq artırılıb, müxtəlif ölkələrdən gətirilərək yeni dekorativ ağac və kollar əkilib. Parkda yeni elektrobuslar, faytonlar, dəniz gəmiləri xidmət göstərir.

Vurğulanıb ki, dövlətimizin başçısının Dənizkənarı Milli Parkın Dövlət Bayrağı Meydanına qədər uzadılması ilə bağlı tapşırıqlarına əsasən şəhərimizin sahil boyuna xüsusi yaraşıq verən və ümumi sahəsi 20 hektar, uzunluğu 1,8 kilometr olan yeni bulvar tikilib. Bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın və onun paytaxtının müasir simasının yaradılması istiqamətində həyata keçirilən tədbirlərin mühüm tərkib hissəsidir.

Milli Parkla tanışlıq Gürcüstanın Baş nazirində xoş təəssürat yaradıb.

Bütün xəbərlər Facebook səhifəmizdə