Payız Akademiyasının iştirakçıları təəssüratlarını SİA ilə bölüşdülər
Lənkəran şəhərində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ARGTMŞ-nın üzvü olan gənclər təşkilatlarının rəhbərləri və fəal gənclərdən ibarət 80 nəfərin iştirakı ilə Payız Akademiyası artıq dördüncü gündür davam edir. SİA-nın məlumatına görə, tədbir ARGTMŞ-nın üzvü olan gənclər təşkilatlarının rəhbərliyinin iştirakı ilə təşkil olunan QİDA (QHT idarəetmə Akademiyası) Payız Akademiyası və internetdən fəal istifadə edən gənclər, gənc jurnalistlər, bloqqerlər və dizaynerlərin iştirakı ilə təşkil olunan "Xətdə" Payız Akademiyasından ibarətdir.
ARGTMŞ-nın təşkil etdiyi Payız Akademiyasının təşkilatçıları, təlimçiləri və iştirakçıları təəssüratlarını SİA-ilə bölüşüb:
ARGTMŞ-nın ictimaiyyətlə əlaqələr üzrə katibi Pərvin Piriyev: "Payız Akademiyası ARGTMŞ-nin 3G strategiyasının "Gənclər təşkilatları institutunun gücləndirilməsi" istiqaməti çərçivəsində həyata keçirilir. ARGTMŞ 19 ildir fəaliyyət göstərir və bgün 111 gənclər təşkilatını birləşdirir. Tədbir zamanı ARGMTŞ-nın üzvü olan gənclər təşkilatının rəhbərliyi və fəal gənclər üçün biznes, dövlət strukturları və mətbuat orqanlarını təmsil edən peşəkar ekspertlər tərəfindən təlimlər keçirilir. Akademiyanın keçirildiyi 5 gün ərzində ARGTMŞ-nın üzvü olan gənclər təşkilatlarının rəhbərləri və fəal gənclər QHT idarəedilməsi, layihə idarəedilməsi və internetdən düzgün istifadə bloklarına daxil olan 20-yə yaxın mövzunu əhatə edən tədris proqramında iştirak edir. Tədris proqramında bir sıra gənclər təşkilatları, dövlət qurumları və biznes qurumları təmsil edən peşəkar ekspertlər tərəfindən iştirakçılar təlimləndirilir. Təlim tədris proqramı zamanı əhatə olunmuş mövzularda biliklərin artırılması məqsədi ilə bir çox praktiki məşğələlər təşkil olunur".
QİDA (QHT idarəetmə Akademiyası) Payız Akademiyasının təlimçisi Sübhan Qasımlı : "Biz təlimlərdə çalışdıq ki, gənclər təşkilatlarına rəhbərlik edən şəxslər fikirlərini strateji məqamlara və təşkilatın gələcəyinə yönəlik məsələlərə yönəltsinlər. Məsələn, əgər bugün təşkilatlar daha çox müəyyən qrant planları ilə bir rüblük və yaxud illik fəaliyyətlərini planlaşdırırlarsa, onlara izah etdik ki, belə olmasın əksinə 2-3 illik strateji layihələri, büdcələri olsun və bunun əsasında fəaliyyət göstərsinlər. Onlar bunu etsələr o zaman qrantlara və donorlara ehtiyacları qalmayacaq".
"Xətdə" Payız Akademiyasının təlimçisi, telejurnalist Günay Malikqızı: "Düşünsrəm ki, belə təlimlər gənclər üçün yeni imkanlar açır. Çünki hər bir işin peşəkarı olmaq üçün ilk növbədə ünsiyyətdə olmağı bacarmaq lazımdır. Sevindiric haldır ki, məhz belə tədbirlərdə buna imkan yaradılır. Gənclər burada həm peşəkarlarla görüşür, onların iş təcrübələrini öyrənir, həm də ünsiyyətdə olurlar. Təbii ki, bu öz töhvəsini mütləq verəcək. Mən ümumi gedişatdan çox razı qaldım. Çünki mən burada öz təcrübəmi məni dinləmək istəyənlərlə bölüşdüm. Mən təlimlərimdə sosial mediadan və dünyada baş verən proseslərdə bizim nələri etməli olduğumuzdan danışdım".
ARGTMŞ-nın üzvü, Gənclər Mərkəzi İB-nin sədri, QİDA Payız Akademiyasının iştirakçı İqbal Mirzəyev: "Mən ilk növbədə ARGTMŞ-ya təşəkkürümü bildirirəm. Gənclər Mərkəzi İB ARGTMŞ-ya üzv olan yeni təşkilat kimi bu Akademiyada iştirak edirik. Akademiyada əldə etdiyimiz bilik və bacarıqları bundan sonra öz təşkilatımızda tətbiq edəcəyik".
ARGTMŞ-nın üzvü, Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının sədr müavini, QİDA Payız Akademiyasının iştirakçı Gülnarə Bağırova: "ARGTMŞ tərəfindən hazırlanan proqram gənclərimiz üçün çox zəruridir. Onlar burada həm təcrübə qazanırlar, həm də təlimçilər tərəfindən interaktiv şəkildə məlumatlandırılırlar. Düşünürəm ki, iştirakçılar yeni biliklər əldə etməklə gələcəkdə özləri üçün uğurlu fəaliyyətləri üçün əsaslı zəmin yaradacaqlar. İnanıram ki, bu sonda öz nəticəsini verəcək".
"Xətdə" Payız Akademiyasının iştirakçısı Yasin Əliyev: "Akademiyada iştirak etməyimin əsas məqsədi idarəetmə məzunu olaraq internet vasitəsilə layihələrin inkişaf etdirilməsi, idarə edilməsi və "0 kapitalla" işin qurulması sirlərini peşəkar təlimçilərdən öyrənməkdir. Akademiya müddətində həyata keçirməyi düşündüyüm bir neçə layihələri mütəxəssislərə təqdim edərək onların məsləhət və tövsiyyələrini öyrənmək çox maraqlı oldu".
"Xətdə" Payız Akademiyasının iştirakçısı Dürdanə Bəhram: "Bu mənim iştirakçısı olduğum ilk təlimdir ki, ARGTMŞ tərəfindən təşkil olunub. Təlim prosesində jurnalistika, fotojurnalistika, internetdən PR üçün düzgün istifadə edilməs, biznesin qurulması, doğru şəkildə təqdim olunması haqqında indiyədək bilmədiyim bir çox məlumatlara sahib oldum. Akademiyaya qoşulmaqda əsas məqsədim müxtəlif təşkilatlardan olan iştirakçılarla şəbəkələşməni artırmaq və yeni dostlar qazanmaq idi ki, buna da nail oldum".
Qeyd edək ki, Payız Akademiyasına sabah yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə