4 məktəb qardaşlaşdı

Respublika prezidenti İlham Əliyevin təşəbbüsü ilə "Ölkəmizi tanıyaq" tur-aksiyasının davamı olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "Qardaşlaşmış məktəblər" layihəsi çərçivəsində ölkə ərazisində daha 4 məktəb qardaşlaşıb. Bilik Fondunun İnformasiya təminatı şöbəsindən SİA-ya verilən məlumata görə, Biləsuvarın 4 saylı orta məktəbi ilə Gədəbəyin Slavyanka kənd orta məktəbi və Sumqayıt şəhər Həzi Aslanov adına 22 saylı məktəb ilə Quba şəhəri 3 saylı orta məktəb qardaşlaşma sazişi imzalayıblar. Şagirdlər əvvəlcə Gədəbəydə və Qubada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Məktəblər arasında imzalanan "Qardaşlaşma sazişi"nin müddəaları şagirdlərin müzakirəsi əsasında müəyyənləşib. Qonaqlar ev sahiblərinə hədiyyələr verib, tərəflər təmsil etdikləri rayonun və məktəbin təqdimatını keçiriblər. Qardaşlaşma haqqında saziş imzalandıqdan sonra məktəblilərin dəyirmi masası keçirilib.

Biləsuvarlı şagirdlər Gədəbəyin görməli yerlərində - Qalakənd, Miskinli, Tala, Gavalı bulağı, Yuxarı Narzan Mineral Parkı, Qanlı körpudə olublar. Məktəblilərlə görüşən Gədəbəy rayonu icra hakimiyyətinin birinci müavini Qüdrət Paşayev Bilik Fondunun "Qardaşlaşmış məktəblər" layihəsinin gənclərin tərbiyəsində rolundan danışıb, onlara uğurlar arzulayıb.

Sumqayıt məktəblilərinin Qubanın səfalı yerlərinə ekskursiyası təşkil olunub, şagirdlər Heydər Əliyev Mərkəzində, İsaak Xanukov adına Yəhudi məktəbində, yəhudi sineqoqunda, Cəfər xan məscidində, Quba Gənclər Mərkəzində olublar, Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "İlboyu bilik" proqramının "Qardaşlaşmış məktəblər" layihəsinin ilk mərhələsi sentyabrın 15-nə qədər davam edəcək. Müxtəlif bölgələrdə yerləşən 20 məktəb qardaşlaşacaq. Sonrakı mərhələlərdə ölkədəki bütün məktəblər layihəyə cəlb olunacaq. Artıq Azərbaycanın müxtəlif bölgələrində yerləşən 14 məktəb arasında Qardaşlaşma Sazişi imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə