Komitə 15 yaşlı Cavid Məmmədovla bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb

Komitə 15 yaşlı Cavid Məmmədovla bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb
Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 15 yaşlı Cavid Məmmədovun erməni hərbçiləri tərəfindən girov götürülməsi ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsi, UNİCEF və digər beynəlxalq təşkilatlara bəyanat ünvanlanlayıb. Bu bardə SİA-ya komitədən məlumat verilib. Bəyanatda bildirilir ki, 12 may 1994-cü ildə münaqişə tərəfləri olan Ermənistan və Azərbaycan arasında atəşkəs haqqında sazişin bağlanması və qüvvəyə minməsinə baxmayaraq, qarşı tərəf hələ də öz çirkin niyyətlərindən əl çəkmir, atəşkəs rejimi müntəzəm olaraq pozulur, nəticədə Azərbaycan tərəfindən təmas xəttini qoruyan əsgərlər şəhid olur, mülki şəxslər, xüsusilə azyaşlı uşaqlar qətlə yetirilir, girov götürülür, aldıqları xəsarət nəticəsində öz fiziki sağlamlığını itirirlər:

"Belə ki, 8 mart 2011-ci il tarixində 9 yaşlı Fariz Bədəlovun erməni snayperinin açdığı atəş nəticəsində qətlə yetirilməsi, 2011-ci il iyul ayının 14-də Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində uşaq oyuncağına quraşdırılmış partlayıcı qurğunun işə düşməsi ilə 1998-ci il təvəllüdlü Aygün Şahmalıyevanın faciəli ölümü erməni vəhşiliyini bir daha sübuta yetirmiş oldu. Həmçinin, 2014-cü ilin avqust ayında erməni hərbçiləri tərəfindən açılan atəşlər nəticəsində Tovuz rayonundan 5 yaşlı Nurcan Nağıyeva, 17 yaşlı Fərid Məmmədov yaralanıb, 14 yaşlı Sərxan İsmayılov əlindən və sinəsindən qəlpə yarası alıb, Gədəbəy rayonundan 15 yaşlı Şəlalə Tağıyeva ayağından güllə yarası alıb, Ağstafa rayonundan 10 yaşlı Qoşqar Abbasov boyun nahiyəsindən qəlpə yarası alaraq ağır yaralanıblar. 5 sentyabr 2014-cü il tarixində isə Tərtər rayonundan olan 15 yaşlı Cavid Samir oğlu Məmmədov təmas xəttində Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüb. Girov götürülmüş azyaşlı uşağın taleyindən dərin narahatlıq keçirərək azyaşlı Cavid Məmmədovun tezliklə azad olunmasını tələb edirik. UNİCEF və aidiyyəti beynəlxalq təşkilatları baş verənlərə laqeyd qalmamağa, Cavid Məmmədovun taleyi ilə yaxından maraqlanmağa, Ermənistanın düşmənçilik hərəkətlərinə son qoymağa və girovun tezliklə geri qaytarılması istiqamətində səylərini gücləndirməyə çağırırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə