Elmira Süleymanova YUNİSEF-in ölkəmizdəki rəhbərini qəbul edib

Elmira Süleymanova YUNİSEF-in ölkəmizdəki rəhbərini qəbul edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova YUNİSEF-in ölkəmizdəki nümayəndəliyinin yeni rəhbəri Andro Şilakadzeni qəbul edib. Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, görüşdə bu qurumun məsul əməkdaşı Ramiz Behbudov iştirak edib. Ombudsman qonağı yeni təyinatı münasibətilə təbrik edib, , ona fəaliyyətində uğurlar arzulayıb, uşaq hüquqları sahəsində birgə əməkdaşlığa dəstək verməyə hazır olduğunu söyləyib. O, fəaliyyət dövrü ərzində bu nüfuzlu beynəlxalq qurumla səmərəli əməkdaşlıq əlaqələrinin yaradıldığını, birgə tədbirlərin, mühüm layihələrin həyata keçirildiyini diqqətə çatdırmışdır. Müvəkkil gələcək əməkdaşlığın yeni müstəvidə davam etdiriləcəyinə əminliyini ifadə edib. O, ölkəmizdə uşaq və gənclər siyasətinin də uğurla həyata keçirildiyini, Heydər Əliyev Fondunun bu istiqamətdə mühüm tədbirlər gördüyünü diqqətə çatdırıb.

E.Süleymanova vaxtilə rəhbərlik etdiyi Azərbaycan Qadın və İnkişaf Mərkəzinin nəzdində Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsini və Liderlik Məktəbini yaratdığını söyləyib, fəal məktəblilərin buraya cəlb edildiyini və bu uşaqların əsl liderlər kimi formalaşdırıldığını vurğulayıb. O, A.Şilakadzeni hazırda Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Liderlik Məktəbinin fəaliyyəti ilə tanış olmaq üçün bu məktəbə dəvət edib.

Ombudsman təsisatının uşaq hüquqlarının təmininə və təbliğinə də böyük diqqət yetirildiyi, əlilliyi olan insanların, o cümlədən sağlamlıq imkanları məhdud olan uşaqların hüquqlarının müdafiəsi ilə bağlı mühüm tədbirlərin görüldüyü, müvafiq dövlət orqanlarına əlilliyi olan şəxslərin sağlam insanlarla birgə təhsili üçün bərabər imkanlar yaradan inklüziv təhsilə, əqli və fiziki imkanlarına görə peşə hazırlığına cəlb olunması, asudə vaxtlarının təşkili ilə əlaqədar təkliflər verildiyi, de-institutlaşma proqramı üzrə ailələrə qaytarılmış uşaqların vəziyyətinin, habelə qanunla münaqişədə olan uşaqlara qarşı münasibətin öyrənilməsinin monitorinqinin aparıldığı bildirilib.

Qeyd olunub ki, Müvəkkil Avropa Şurasının Uşaqların cinsi istismar və sui-istifadədən müdafiəsinə dair Konvensiyasının ölkəmiz tərəfindən imzalandığını nəzərə alaraq, bu konvensiyanı Milli Məclisin ratifikasiya etməsini, həmçinin "Uşaqların cismani cəzadan müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun qəbul olunmasını diqqətə çatdırmışdır. O, bu qanunun təşviqinin sürətləndirilməsinin zəruriliyini bildirib.

Azərbaycan Ombudsmanının uşaq hüquqları üzrə ombudsmanların Avropa şəbəkəsinin (ENOC) üzvü olduğu diqqətə çatdırılıb.

Ombudsman və əməkdaşları tərəfindən uşaq hüquqlarının təmini vəziyyətinin öyrənilməsi məqsədilə monitorinqlərin aparıldığı, müvafiq qurumlara bu araşdırmaların nəticələri üzrə təkliflər göndərildiyi, həyata keçirilən hüquqi maarifləndirmə tədbirləri, Bakı şəhərində və respublikamızın regionlarında müsbət təcrübə kimi gerçəkləşdirilən Uşaq hüquqlarının Pilləli tədrisi barədə ətraflı məlumat verilib.

E.Süleymanova ölkəmizdə uğurla tətbiq olunan, uşaq və gənclərin, o cümlədən qaçqın və məcburi köçkün, kimsəsiz, valideyn himayəsindən məhrum olan, müxtəlif ağır xəstəliklərdən əziyyət çəkən uşaqların hüquqlarının müdafiəsi üzrə tədbirlərin keçirilməsinin də nəzərdə tutulduğu İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Proqramının (MFP) icrasının monitorinqi ilə əlaqədar müvafiq dövlət orqanları, vətəndaş cəmiyyəti, QHT-lərlə, icmalarla müzakirələr aparıldığını, respublikanın hər bir rayonunda ictimai dinləmələr keçirildiyini söyləyib.

Müvəkkil təsisatda hazırlanmış çoxsaylı hüquqi ədəbiyyat barədə məlumat verib, o cümlədən uşaqlarla bağlı mövcud vəziyyəti və təklifləri özündə ehtiva edən Ombudsmanın uşaq hüquqları üzrə ilk ixtisaslaşmış məruzəsinin kitab şəklində çap edildiyini, habelə "Ombudsman tərəfindən irəli sürülmüş təkliflərin icrası vəziyyəti" adlı kitabın nəşr olunduğunu qeyd edib. O, uşaq hüquqlarına dair broşürlərin və plakatların təkrar nəşr edilməsində dəstək verilməsini təklif edib.

Ombudsman adı çəkilən beynəlxalq qurumla birgə əməkdaşlıq üçün cari iş planında regionlardakı Uşaq Yaradıcılıq Mərkəzlərində təlimlərin keçirilməsinin, orta məktəblərdə, uşaq evində və internat məktəblərində uşaqlara qarşı zorakılıq hallarının öyrənilməsi ilə bağlı araşdırmanın aparılmasının, prokurorluq, polis orqanlarının əməkdaşları və Müvəkkilin regional mərkəzlərinin əməkdaşları üçün "Yuvenal ədliyyə aspektində uşaq hüquqlarının müdafiəsi" mövzusunda təlimin və Müvəkkil yanında Milli Preventiv Qrupun üzvləri tərəfindən uşaq müəssisələrinə baxışların keçirilməsinin, "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiya və BMT-nin müvafiq saziş qurumunun verdiyi tövsiyələr üzrə dəyirmi masaların təşkilinin və bu tədbirlərə vətəndaş cəmiyyətinin ekspertlərinin cəlb edilməsinin nəzərdə tutulduğunu bildirib.

Görüşdə habelə gələcək əməkdaşlığın prioritetləri müzakirə olunub.

YUNİSEF-in ölkə nümayəndəliyinin rəhbəri A.Şilakadze Azərbaycanın bütün sahələrdə böyük uğurlara imza atdığını, uşaq hüquqlarının müdafiəsində nailiyyətlər əldə etdiyini söyləyib. O, Azərbaycan Ombudsmanının əhalinin müxtəlif qruplarının hüquqları, o cümlədən uşaq hüquqları sahəsində zəngin təcrübəyə malik olduğunu, innovativ təşəbbüsləri ilə tanındığını vurğulayıb. Qonaq səmimi qəbul və səmərəli fikir mübadiləsi üçün E.Süleymanovaya minnətdarlığını bildirmiş, qarşılıqlı əməkdaşlıqda maraqlı olduğunu və Müvəkkilin fəaliyyətinə dəstək verəcəyini diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə