Bakıda I Azərbaycan Beynəlxalq müdafiə sənayesi sərgisi açılıb

Bakıda I Azərbaycan Beynəlxalq müdafiə sənayesi sərgisi açılıb

Bu gün Bakı Ekspo Mərkəzində I Azərbaycan Beynəlxalq müdafiə sənayesi sərgisinin - "ADEX 2014"ün açılışı olub. SİA-nın xəbərinə görə, mərasimdə dövlət və hökumət nümayəndələri, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin, beynəlxalq təşkilatların təmsilçiləri, bir sıra ölkələrin müdafiə nazirləri, müdafiə nazirlərinin müavinləri, qərargah rəisləri iştirak ediblər.

Sərginin təşkilati tərəfdaşları "İteca Caspian" və "Caspian Event Organisers" şirkətləridir. Sərgidə Azərbaycan, Türkiyə, Rusiya, Belarus, Koreya, Polşa, İsrail və Ukrayanın 8 milli qrupu öz ekspozisiyalarını nümayiş etdirəcəklər. Azərbaycan, Türkiyə (37 şirkət), Polşa (16 şirkət), İsrail (16 şirkət) və Belarus (10 şirkət) öz irimiqyaslı ekspozisiyaları ilə fərqlənir. Sərginin platin sponsoru Niderland Krallığının "Damen Shipyards Group" gəmiqayırma şirkətdir. Sərginin qızıl sponsoru qismində isə Türkiyənin "Roketsan" şirkəti çıxış edir.

Sərgidə ən yeni nailiyyətlər 6 tematik istiqamət üzrə təqdim olunur. Bura quru qoşunları və hərbi-dəniz qüvvələrinin silah və texnikaları, aviasiya və aviasiya silahları, hava hücumundan müdafiə üzrə sistem və vasitələr, xüsusi təyinatlı vasitələr və əmlak, informasiya texnologiyaları, rabitə sistemləri, ordunun inzibati və texniki təminatı və kosmik texnologiyalar daxildir.

Sərgi sentyabrın 13-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə