Yavər Camalov: “Azərbaycanın güclü hərbi potensialı formalaşıb”

Yavər Camalov: “Azərbaycanın güclü hərbi potensialı formalaşıb”

"Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisi (ADEX 2014) dost və qardaş ölkələrlə əlaqələrin genişləndirilməsinə öz töhfəsini verəcək". SİA-nın xəbərinə görə, bu sözləri müdafiə sənayesi naziri Yavər Camalov bu gün ADEX 2014-ün açılış mərasimində deyib.

Ölkə başçısının müdafiə sənayesi sahəsinə göstərdiyi diqqət və qayğısından söz açan nazir vurğulayıb ki, məhz Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycanda güclü müdafiə sənayesi yaradılıb: "Azərbaycanın güclü hərbi potensialı formalaşıb. Ölkəmizin hərbi qüdrəti durmadan artır, Azərbaycan Ordusu döyüş qabiliyyəti, silah-sursat, təchizat baxımından Cənubi Qafqazın ən güclü ordusuna çevrilib. Azərbaycan Ordusu ərazilərimizi işğaldan azad etmək də daxil olmaqla, qarşıya qoyulan bütün vəzifələri yerinə yetirəcək".

Sərgiyə gəlincə Y. Camalov qeyd edib ki, sərgidə 34 ölkədən 200-dən çox şirkət iştirak edir. Onun sözlərinə görə, bu, onu göstərir ki, 2005-ci ildən fəaliyyət göstərən Müdafiə Sənayesi Nazirliyi hərbi-texniki əməkdaşlıq sahəsində böyük uğurlar qazanıb: "Bu gün hərbi texnika, döyüş sursatları istehsal edən müəssisələrimizin sayı artıb. Müəssisələrimiz dünya standartlarına uyğun, rəqabətədavamlı məhsullar istehsal edir. Müdafiə Sənayesi Nazirliyi dost və qardaş ölkələri əməkdaşlığa dəvət edir. Ümid edirəm ki, sərgi bu əlaqələrin genişləndirilməsinə öz töhfəsini verəcək".

Xatırladaq ki, bu gün Bakı Ekspo Mərkəzində Azərbaycanda və regionda ilk dəfə olaraq I Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisi (ADEX-2014) açılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə