Azərbaycan Respublikasının İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Rəzəvi Xorasan əyalətinin valisi Əlirza Rəşidiyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, görüşdə nazir Şahin Mustafayev Azərbaycan və İran arasında siyasi, iqtisadi və sosial-humanitar əlaqələrin inkişaf etdiyini, əməkdaşlığın genişlənməsində dövlət başçılarının səfərlərinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd olunub ki, 2014-cü ilin əvvəlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə Davosdakı görüşü, eləcə də dövlətimizin başçısının bu ilin aprel ayında İrana rəsmi səfəri zamanı keçirdiyi görüşlər, imzalanmış sənədlər əməkdaşlığın inkişafına böyük töhfə verib. Siyasi sahədə əldə edilən bu tərəqqi iqtisadi münasibətlərin inkişafı üçün də böyük imkanlar yaradır. İndiyədək iki ölkə arasında iqtisadi sahədə 30-a yaxın sənəd imzalanıb.
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının bu ilin avqust ayında Bakıda keçirilmiş 9-cu iclası çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın inkişafına dair bir sıra razılıqlar əldə edilməsi ilə əlamətdar olub. Bu haqda danışan Şahin Mustafayev məlumat verib ki, hazırda enerji, nəqliyyat, meliorasiya və digər sahələrdə əlaqələrin genişləndirilməsi istiqamətində iş aparılır. Nazir, həmçinin əminliyini ifadə edib ki, bu layihələr, eləcə də Azərbaycan və İranın regionları arasında əlaqələrin qurulması ölkələrimiz arasında əməkdaşlığın inkişafına təkan verəcək.
İran İslam Respublikasının Rəzəvi Xorasan əyalətinin valisi Əlirza Rəşidiyan səmimi qəbula görə təşəkkür edib. Vali dövlət başçılarının Davos və Tehranda keçirilmiş görüşlərinin əməkdaşlığın inkişafındakı xüsusi əhəmiyyətini, regionlar arasında əlaqələrin qurulmasının vacibliyini diqqətə çatdırıb və Xorasan əyalətinin iqtisadi potensialına dair məlumat verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB