Gənclər üçün Təhsil Mərkəzinin silsilə təşkil etdiyi region gənclərinin yaradıcılıq festivalının bu dəfəki ünvanı Mingəçevir şəhəri olub. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə keçirilən festivalda yüzlərlə yeniyetmə, şəhər sakini və rəsmi qonaqlar iştirak ediblər. Festivalı giriş sözü ilə açan Mərkəzin regional nümayəndəsi Tural Kərimov tədbirin mahiyyəti barədə şəhər əhalisinə məlumat verib. O, gənclərin yaradıcılıq bacarıqlarının üzə çıxarılması və artırılması, habelə onlarda yaradıcı işə maraq oyadılması baxımından əhəmiyyətini vurğulayıb.
Mingəçevir şəhərinin icra strukturlarının nümayəndələri də çıxış edərək, tədbirin gənclər üçün ciddi əhəmiyyətindən danışıblar, dövlətin də bu sahəyə daim diqqət ayırdığını vurğulayıblar. Bildirilib ki, bu gün Azərbaycanın yaradıcı gəncləri ölkəmizi həm daxildə, həm də xaricdə layiqincə təmsil edirlər. Buna görə yeni-yeni yaradıcı gənclərin regionlardan aşkar edilməsi və tanıdılması vacibdir.
Daha sonra söz yaradıcı gənclərə verilib. Onlar teatr, kino işi, rəssamlıq, əl işləri, bədii qiraət, aşıq sənəti, musiqi və digər sahələrdə öz bacarıqlarını nümayiş etdiriblər.
Festivalda 70-dən çox gəncin yaradıcılıq qabiliyyəti nümayiş olunub. Həmin gənclərdən 30-a yaxını ilk dəfə olaraq, geniş auditoriya qarşısına çıxıb.
Qeyd edək ki, bir neçə sağlamlıq imkanı məhdud olan gənc də öz yaradıcılığını nümayiş etdirib.
Festivalın sonunda bütün iştirakçılara diplomlar təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB