Qobustanda keçmiş məhbuslar üçün sığınacaq tikilir

"Hazırda Qobustanda penitensiar mərkəzlərdən buraxılmış keçmiş məhbusların cəmiyyətə adaptasiyasını təşkil etmək üçün bir neçə sığınacaq tikilir". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Zabratda kimsəsiz uşaqlar üçün də sığınacaqların tikildiyini deyən nazir, bu sığınacaqların ilin sonuna qədər təhvil veriləcəyini qeyd edib: "Zabratda həm də kimsəsiz uşaqlar üçün peşə-reabilitasiya mərkəzləri də inşa olunur. Bu yaxınlarda məişət zorakılığına məruz qalmış şəxslərin cəmiyyətə adaptasiyasının təşkil olunması üçün fəaliyyət proqramı qəbul olundu. Bu proqramda belə şəxslərin sosial adaptasiyasının təmin olunması və onlar üçün reabilitasiya mərkəzlərinin tikiməsi nəzərdə tutulub. Hazırda bu işlərin üzərində iş gedir. Gələn ildən etibarən isə ölkənin müxtəlif regionlarında belə sığınacaqların hazırlanması üçün dövlət büdcəsindən əlavə vəsaitin ayrılması nəzərdə tutulub".

Nazir həmçinin əlilliyin elektron sistemləşdirilməsi məsələsinə də toxunub və qeyd edib ki, artıq proses başa çatıb: "Hər gün bu məsələ ilə maraqlanıram. Bu sahəyə nəzarət edən müavinlərimdən birinin kabinetində böyük monitor-ekran quraşdırılıb. Dünən iki regional tibbi-sosial ekspert komissiyasından məlumatların daxil edilmədiyi məlum olub. Ancaq hər gün bu proses gedir və istənilən vaxt sizi bu xidmətə baxmağa dəvət edirəm. Düşünürəm ki, ilin sonuna qədər kağız daşıyıcılarının istifadəsinə son verəcəyik".

Nazir hazırda Azərbaycanın bütün bölgələri üzrə 38 regional tibbi-sosial ekspert kamissiyasının fəaliyyət göstərdiyini diqqətə çatdırıb: "Bu komisiyyaların üzvlərinə bir neçə dəfə treninqlər keçirilib. İşçilərin hər biri elektron imza ilə təmin olunub və hər biri işləmək qabiliyyətinə malikdirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...