Bu gün Qara Dəniz Yayım Tənzimləyici Orqanların Forumunun (Black Sea Regulatory Authorities Forum – BRAF) 5-ci illik iclası keçirilib. SİA-nın verdiyi məlumata görə, Forumda "Yeni media" mövzusuna yenidən baxış keçirilib və "Media maarifləndirilməsi" mövzusunda fikir mübadiləsi aparılıb.
Tədbirdə çıxış edən Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli diqqətə çatdırıb ki, bu ildən Azərbaycan bu quruma rəhbərlik edəcək: "Forumda əsas məsələ media maarifləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi olacaq. İndiki dövrdə medianın rolu getdikcə daha da artır. Həm cəmiyyətin, həm də dövlətin qarşısında medianın məsuliyyəti artdıqca medianı tənzimləyən orqanların da bu işə diqqəti artır. Bizim həm ikitərəfli, həm çoxtərəfli, həm də beynəlxalq formatda görüşlərə ehtiyacımız var. Bir-birimizdən öyrəniləsi çox məqamlar var. Buna görə də biz bu cür görüşləri mütəmadi olaraq aparırıq. Hesab edirəm ki, bu görüşdə medianın maarifləndirilməsi ilə bağlı edilən müzakirələr bizim gələcək işlərimizdə bizə köməklik edəcək. Forumun əsas məqsədi ölkələr arasında təcrübə mübadiləsi aparmaq, mövcud problemləri dialoq şəklində həll etməkdən ibarətdir. Hər hansı ölkənin başqa ölkələr qarşısında öhdəliyi yoxdur. Sadəcə biz əlaqələrimizi kordinasiya edir, fikir mübadiləsi aparır və mövcud problemləri həll etməyə çalışırıq".
Daha sonra çıxış edən Prezident Administrasiyasının ictimai - siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev də Forumun əhəmiyyətindən danışıb: "Azərbaycan son illərdə müxtəlif sahələrdə, o cümlədən elektron media sahəsində xeyli irəliləyiş əldə edib. Bu sahədə yeni dünya təcrübəsinin müxtəlif nailiyyətləri tətbiq olunur. Yeni texnologiyalardan istifadə olunur, təcrübə mübadiləsi aparılır. Təbii ki, bu günkü toplantıda da fikir mübadiləsinin aparılması həm elektron medianın inkişafına öz töhfəsini verəcək, həm də ölkələrimiz arasında ümumi münasibətlərin inkişafına təkan göstərəcək".
BRAF-ın baş katibi Dr. Hamit Ersoy, BSEC (Black Sea Economic Cooperation) baş katibinin müavini Trayan Çebeleu çıxış edib.
Nəzərinizə çatdıraq ki, BSEC (Black Sea Economic Cooperation) üzv dövlətlərinin yayım tənzimləyici orqanları 2008-ci ildə BSEC-in İstanbuldakı Baş qərargahında toplanıb və Qara Dəniz Yayım Tənzimləyici Orqanların Forumunun (Black Sea Regulatory Authorities Forum – BRAF) yaradılmasını elan edən Birgə Deklarasiya qəbul edilib. Üzv dövlətlərin nümayəndələri gələcək əməkdaşlıq və yayım sektorunda əsas məsələlərin müzakirəsi məqsədilə BRAF hər il bir üzvünün dəvəti ilə İllik İclasını keçirir. BRAF-ın Daimi Katibliyi Türkiyənin Ankara şəhərində RTÜK binasında yerləşir.
Qeyd edək ki, Forum öz işini bu gün yekunlaşdırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB