Mübariz Qurbanlı Nəsimi rayonunda dini icmaların nümayəndələri ilə görüşüb FOTOLAR
Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Nəsimi rayonunda dini icmaların nümayəndələri ilə görüş keçirib. SİA-nın verdiyi məlumata görə, görüşdən əvvəl Mübariz Qurbanlı, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev millət vəkilləri Ziyad Səmədzadə və Asim Mollazadə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsinin önünə əklil qoyublar.
Tədbiri giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev DQİDK-ın sədri Mübariz Qurbanlının Nəsimi rayonu dini icma rəhbərləri ilə görüşünün əhəmiyyətini vurğulayaraq, bu görüşün dini icmaların gələcək fəaliyyəti baxımından böyük önəm kəsb etdiyini diqqətə çatdırıb. O bildirib ki, din xadimlərinin cəmiyyətdə çox böyük rolu var və bu görüş dini icmaların gələcək fəaliyyəti baxımından böyük önəm kəsb edir: "Azərbaycanda milli mənəvi dəyərlərimizin saxlanması, onların qorunması, eyni zamanda son dövrlərdə həm regionda, həm də dünyada baş verən bəzi neqativ proseslərlə bağlı respublikamızdakı gənclərin dini savadının kifayət qədər olmaması təəssüfləndirici haldır".
DQİDK-nın Bakı şəhəri üzrə şöbə müdiri Anar Kazımov Nəsimi rayonundakı dini durum, dini icmalar, eləcə də məscid və ziyarətgahlarla bağlı geniş məlumat verib.
Daha sonra digər natiqlər də çıxış edərək Azərbaycanda tolerantlığın hökm sürməsi, din-dövlət münasibətlərinin formalaşması, məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləyiblər. Bildiriblər ki, bu gün isə Prezident İlham Əliyevin şəxsi diqqət və qayğısı ilə yeni məscidlər, məbədgahlar tikilir, dini abidələr təmir-bərpa olunaraq xalqımızın istifadəsinə verilir".
DQİDK-nın sədri Mübariz Qurbanlı isə çıxışında bu görüşün keçirilməsində məqsəd Nəsimi rayonu dini icma rəhbərləri açıq söhbət aparmaq, rayondakı dini vəziyyətlə bağlı fikir mübadiləsi aparmaqdır: "Bizim milli-mənəvi dəyərlərimiz arasında İslam dini xüsusi əhəmiyyətə malikdir. Bu gün ölkəmizdə dinlərarası münasibətlər yüksək səviyyədədir. Hər kəsin dini etiqad azadlığı var. Lakin bununla yanaşı, milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan, o cümlədən ölkə əhalisinin əksəriyyətinin etiqad etdiyi İslam dini və mədəniyyətinin düzgün təbliği prioritet məsələlərdəndir. Prezident İlham Əliyevin qayğısı ilə yeni məscidlər tikilir, dini abidələr təmir-bərpa olunur. Bu isə dövlətin dinə olan münasibətidir".
M. Qurbanlı vurğulayıb ki, son vaxtlar qeyri-ənənəvi cərəyanlar din adından istifadə etməklə öz ideologiyalarını yaymağa və siyasi məqsədləri üçün istifadə etməyə çalışırlar: "Biz bunu dünyanın müxtəlif ölkələrində gedən proseslərdə aydın şəkildə görürük. Azərbaycanda bu istiqamətdə problemlər ciddi olmasa da, biz də bundan tam sığortalanmamışıq. Bu gün dünyanın müxtəlif dövlətləri İslam dövlətlərini parçalamaq üçün əllərindən gələni edirlər. Bunun üçün müxtəlif təriqətləri yenidən dirçəldir və ya yenilərini yaradırlar. Anti-terror əməliyyatları adı altında bu ölkələrə basqılar edirlər. Bu geopolitik mübarizədir. Bu gün Azərbaycana kənardan soxulan qeyri-ənənəvi cərəyanların arxasında ölkəmizi geopolitik toqquşmalar meydanına çevirmək istəyən qüvvələr dayanır. Hesab edirəm ki, düzgün dini təbliğat, insanlara dinin ali prinsiplərini mükəmməl formada çatdırmaq dini icmaların əsas vəzifəsidir".
Daha sonra Mübariz Qurbanlı yas mərasimlərində də hədindən artıq israfçılığa yol verildiyini bildirib.
Millət vəkilləri Ziyad Səmədzadə və Asim Mollazadə də çıxışlarında Azərbaycanın nəinki regionda hətta şərq aləmində özünün gücünü, iqtisadi və siyasi təhlükəsizliyini təmin edən dövlətə çevrildiyini söyləyiblər. Milli-mənəvi dəyərlərimizə dövlət qayğısı, ölkəmizdəki mövcud tolerantlıq ənənələri, qeyri-ənənəvi cərəyanlara qarşı mübarizə haqqında danışıblar.
Qeyd edək ki, sonda dini icmaların nümayəndələri ilə fikir mübadiləsi aparılıb.









Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB