Ombudsman DİN-ə müraciət edəcək

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Şəkiyə səfər edib və Müvəkkilin Şəki Regional Mərkəzinin təmirdən sonrakı vəziyyəti, vətəndaşların müraciətlərinin qəbulu üçün yaradılmış imkanlarla yerində tanış olub. Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, Müvəkkil və Aparatın əməkdaşları Regional Mərkəzin əməkdaşlarının iş otaqları, yeni Akt zalı və vətəndaşların müraciətlərinin qəbulu məqsədilə yaradılan imkanlarla tanış olub və Ombudsman öz tövsiyələrini verib.

Daha sonra Ombudsmanın rəhbərliyi ilə Regional Mərkəzin iclas zalında iş planı, Mərkəzin əhatə etdiyi rayonlar üzrə keçirilməsi nəzərdə tutulan maarifləndirmə tədbirləri, yerli qurumlar, QHT və KİV-lə, icmalarla əməkdaşlıq məsələləri və qarşıda duran digər vəzifələr müzakirə edilib.

Bələdiyyələrə keçiriləcək qarşıdakı seçkilərlə bağlı müxtəlif qurumlarla əməkdaşlıqda vətəndaşların aktiv və passiv seçki hüququnun təbliği istiqamətində bu region üzrə görüləcək işlər də müzakirə mövzularından olub.

Səfər çərçivəsində Müvəkkil Şəki şəhər İcra hakimiyyətinin başçısı Elxan Usubovla da görüşmüş və qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib.

Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Şəki Şəhər Rayon Polis Şöbəsinin müvəqqəti saxlanma yerinə (MYS) başçəkmə də həyata keçirilib.

Başçəkmənin məqsədi saxlanılma şəraitinin, saxlanılan şəxslərlə rəftarın, müvafiq sənədləşmənin, əvvəlki başçəkmlər zamanı verilən tövsiyələrin icrası vəziyyətinin araşdırılması olub.

Qrupun üzvləri başçəkmələr zamanı adı çəkilən müəssisələrdə saxlanılma şəraitini öyrənmiş, saxlanılan şəxslərin şəxsi işlərinə və saxlanılanların qeydiyyatı kitablarına baxış keçiriblər.

MYS-də saxlanılan şəxslər olmasa da, sənədləşmədə aşkarlanan nöqsanlarla əlaqədar Daxili İşlər Nazirliyinə müraciət olunacaq.

Qeyd edək ki, Müvəkkilin Şəki Regional Mərkəzi Ombudsmanın fəaliyyətinin ilk illərində yaradılmış struruktur bölmələrindən birirdir.

Bütün xəbərlər Facebook səhifəmizdə