Sentyabrın 7-də "Təmiz Binəqədi" sosial layihəsi çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyətinin, Azərbaycan Velosiped İdmanı Federasiyasının, Gənclər və İdman Nazirliyinin və "Təbiət Dostları" Gənclər İctimai Birliyinin nəzdindəki Yaşıl Velosipedçilər Klubunun birgə təşkilatçılığı ilə veloyürüş keçirilib. Ölkəmizdə ümummilli lider Heydər Əliyev tərəfindən yaradılan və hazırda Prezident İlham Əliyevin təminatçısı olduğu sabitlik və inkişaf müstəqil dövlətimizin beynəlxalq aləmdə müsbət imicinin formalaşmasında həlledici rol oynayıb. Dünya əhəmiyyətli idman yarışlarının Azərbaycanda keçirilməsi ilə bağlı qərar verilməsi də məhz ölkəmizin beynəlxalq aləmdəki müsbət imicindən xəbər verir. Belə mötəbər yarışlardan biri də ilk dəfə doğma Bakımızda keçirilməsi planlaşdırılan "Bakı 2015" birinci Avropa Oyunlarıdır. Birinci Avropa Oyunlarının keçiriləcəyi tarix yaxınlaşdıqca ölkədə həyəcan və coşqu artmaqdadır. Bu istiqamətdə paytaxtın şimal qapısı Binəqədi rayonunda "Təmiz Binəqədi" sosial layihəsinə start verilib.
Layihə çərçivəsində keçirilən və böyük maraqla qarşılanan tədbirlərdən biri də Binəqədi rayonunun Heydər Əliyev adına mədəniyyət və istirahət parkından Novxanıya doğru keçirilən veloyürüşdür. Yarışmaya müxtəlif ölkələrdən olan əcnəbi velosipedçilərlə yanaşı, fərqli yaş qrupuna mənsub iştirakçıların qatılması, xüsusilə də məktəbyaşlı yeniyetmələrin iştirakı tədbirə əlavə rəng qatıb.
Açılış mərasimində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov çıxış edərək yürüşün əhəmiyyətindən danışıb. O vurğulayıb ki, ətraf mühiti və ekoloji vəziyyəti qorumaq naminə velosiped həvəskarlarının bu ictimai faydalı işə qoşulması çox müsbət addımdır.
Gənclər və İdman Nazirliyinin sektor müdiri Fuad Babayev, Yaşıl Velosipedçilər klubunun üzvü Elman Əsgərov və "Təbiət Dostları" Gənclər İctimai Birliyinin sədri Elşən Nuriyev veloyürüşün qızıl qaydaları haqqında danışıblar. Daha sonra ön sırada məktəbyaşlı yeniyetmələrin dayandıqları velosipedçilər yürüşə start veriblər. Novxanı ərazisindəki "AF otel"in qarşısına çatan veloyürüşçülər böyük coşqu ilə qarşılanıblar və burada onlar üçün konsert proqramı nümayiş etdirilib.
Tədbir ekoloji mühitin qorunması ilə bağlı konfransla davam edib. Konfransda ölkəmizdən olan nümayəndələrlə yanaşı, Türkiyə, Avstriya, Çex Respublikası, Litva, Danimarka və Rusiya təmsilçilərinin çıxışları dinlənilib. Əcnəbi təmsilçilər öz ölkələrindəki ekoloji problemlərdən və bunlarla mübarizə yollarından bəhs ediblər. Onlar Binəqədi rayonunda keçirilən "Təmiz Binəqədi" sosial layihəsi çərçivəsində görülən işləri, o cümlədən bu veloyürüşün təşkilini yüksək qiymətləndiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB