"ASAN xidmət"-in təlim sistemi beynəlxalq konfransda təqdim olunub

Bolqarıstanda ölkənin Elmlər Akademiyasının, Elm və Təhsil Fondunun, Alimlər İttifaqının birgə təşkilatçılığı ilə keçirilən "Təhsil, Araşdırma və İnkişaf" adlı V beynəlxalq konfransda "ASAN xidmət"-in təlim sisteminin təqdimatı keçirilib. SİA-ya verilən xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət qulluğu və kadr siyasəti" kafedrasının dosenti, Azərbaycan Respub­likasının Prezidenti yanında Vətən­daş­lara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agent­li­yinin Təlim sektorunun müdiri Nazənin Hüseynova konfransda "Səmərəli təlim sistemi Azərbaycanın idarəetmə brendi "ASAN xidmət"-in prinsiplərindən biridir" adlı məruzə ilə çıxış edib.

Konfransda dövlət başçısı İlham Əliyevin digər sahələrlə yanaşı kadr potensialının inkişafına verdiyi xüsusi önəm diqqətə çatdırılaraq, insan resurslarının for­malaşdırılması üçün aparılan islahatlardan, respublikamızda gedən sürətli sosial-iqtisadi inkişafın nəticəsində dövlət idarəetməsinin, idarəetmə münasibətlərinin, həmçinin vətəndaşla vəzifəli şəxslər arasındakı münasibətlərin modernləşməsi sahəsində kompleks islahatlardan bəhs olunub.

Müvafiq olaraq dövlət idarəet­məsinin modernizasiyası, şəffaflığın artırılması və idarəetmədə yeni fəaliyyət üslubunun formalaşdırılması istiqamətində mühüm tədbirlərdən bi­ri kimi Azərbaycan Respub­likasının Prezidenti yanında Vətən­daş­lara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agent­li­yinin yaradılması xüsusi olaraq diqqətə çatdırılmışdır. Dövlət Agentliyinin tabeliyində olan "ASAN xidmət" mərkəzlərinin təlim sistemini xüsusi vurğulayan Nazənin Hüseynova bu sistemin mahiyyəti, strukturu, strategiyası və prinsipləri barədə iştirakçılara ətraflı məlumat verib.

Qeyd olunmuşdur ki, müasir təlim standartlarına və infrastruktura malik olan, əhatəli, səmərəli, çevik və innovativ təlim sistemini yaratmaq, peşəkar, milli-mənəvi və korporativ dəyərlərə sadiq, yaradıcı düşüncəyə sahib kadr potensialını formalaşdırmaq "ASAN xidmət" modelinin təlim strategiyasının əsas məqsədidir.

Bütün xəbərlər Facebook səhifəmizdə