Azərbaycan səfirinin müsahibəsi İtaliya saytlarında

İtaliyanın AGİ xəbər agentliyinin saytında və "Notizie Geopolitiche" informasiya portalında Azərbaycanın bu ölkədəki səfiri Vaqif Sadıqovun müsahibəsi yerləşdirilib.
Səfir müsahibəyə Azərbaycan qazını Avropaya çatdıracaq TAP layihəsinın əhəmiyyəti haqqında danşımaqla başlayır. O deyir ki, İtaliya hökumətinin layihə ilə bağlı keçən həftə verdiyi müsbət qərar Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində vacib addımdır. "İtaliyanın Baş naziri Matteo Renzinin cari ay Bakıya səfəri nəzərdə tutulub. Səfər zamanı Baş nazir TAP layihəsinin reallaşması üzrə genişmiqyaslı işlərin başlanması, eləcə də "Əsrin müqaviləsi"nin imzalanmasının 20 illiyi ilə bağlı Bakıda keçiriləcək rəsmi tədbirdə iştirak edəcək. Tədbirdə TAP, eləcə də "Cənub" qaz dəhlizinin digər vacib tərkib hissəsi sayılan Trans-Anadolu qaz boru kəməri layihəsinin iştirakçısı olan bütün ölkələrin, həmçinin müxtəlif enerji şirkətlərinin nümayəndələri iştirak edəcək", - deyə səfir bildirir.
Azərbaycan-Avropa İttifaqı (Aİ) münasibətlərindən danışan V.Sadıqov qeyd edir ki, ölkəmiz ilə bu vacib qurum arasında hər zaman yaxşı əlaqələr olub. Azərbaycanın hələ XIX əsrdən etibarən enerji sənayesinin sürətli inkişafına görə digər ölkələrdən fərqlənməsi hər zaman Avropanın diqqətini cəlb edib. Müxtəlif Avropa ölkələrindən Azərbaycana gələn iş adamları həm iqtisadi-ticari, həm də mədəni əlaqələrin yeni səviyyədə qurulmasına və inkişafına töhfə verirlər. Səfir deyib: "Bu gün Azərbaycan Aİ-nin üzvü olan ölkələrlə ikitərəfli, eləcə də "Şərq tərəfdaşlığı" Proqramı çərçivəsində çoxtərəfli əməkdaşlıq edir. Aİ ilə münasibətlərimizin formalaşmasında İtaliya mühüm rol oynayır. Bu baxımdan Azərbaycan-İtaliya əlaqələri bizim üçün vacibdir. Yüzlərlə İtaliya şirkəti hazırda Azərbaycanda tikinti, turizm, İKT, infrastruktur, memarlıq və digər sahələrdə fəaliyyət göstərməyə maraqlıdır. Bu sektorlarda İtaliya təcrübəsindən yararlanmaq yaxşı nəticələr verə bilər. Biz təkcə enerji sektorunda deyil, digər sahələrdə də qazandığımız uğurları nümayiş etdirmək niyyətindəyik".
Azərbaycan ilə İtaliya arasında mədəniyyət sahəsində əlaqələrin əhəmiyyətini vurğulayan V.Sadıqov diqqətə çatdırıb ki, bu istiqamətdə bir çox layihələr həyata keçirilir. Cari il sentyabrın 12-də İtaliyanın Verona şəhərindəki dünya şöhrətli "Arena Di Verona" opera və simfonik musiqisi amfiteatrında ilk dəfə olaraq keçiriləcək Azərbaycan musiqilərindən ibarət konsert də bunlardan biridir. Konsertdə Azərbaycanın xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə İtaliyanın tanınmış simfonik orkestri "Orchestra Italiana del Cinema" və "Qarabağ" muğam triosu, xalq artistləri Mənsum İbrahimov, Aygün Bayramova və Azər Rzazadə Azərbaycan klassik musiqisinin bənzərsiz əsərlərini və UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş Azərbaycanın muğam sənətinin gözəl nümunələrini təqdim edəcəklər. Tədbirin çoxsaylı tamaşaçıları sırasında konsertin xüsusi qonağı qismində İtaliyanın məşhur müğənnisi Albano Karrizi də olacaq. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və İtaliyadakı səfirliyin dəstəyi ilə keçiriləcək bu konsert ölkələrimiz arasında yaxın mədəni əlaqələrin parlaq nümunələrindən biri olacaq.
Səfir vurğulayır ki, cari ilin iyulunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyaya rəsmi səfəri çərçivəsində bir çox istiqamətlərdə, o cümlədən mədəniyyət sahəsində münasibətlərin daha da genişləndirilməsi diqqət mərkəzində olub. Səfər zamanı qəbul olunmuş "Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə"də də mədəni əlaqələrin dərinləşdirilməsinin vacibliyi vurğulanıb. Hər iki ölkədə qarşılıqlı şəkildə konsertlərin və sərgilərin təşkil edilməsi, müxtəlif mədəni tədbirlərin birgə keçirilməsi Azərbaycan-İtaliya mədəni əlaqələrinin həmişə yüksək səviyyədə olmasının bariz nümunəsidir. V.Sadıqov qeyd edir ki, Azərbaycan uzun müddətdir İtaliyanın mədəni həyatına mühüm töhfələr verməkdədir. Heydər Əliyev Fondunun dəstəyi ilə Romanın Kapitolini Muzeyinin "Filosoflar zalı"nda aparılan bərpa işləri, Romadakı Müqəddəs Marçelino və Pyetro katakombalarının bərpası və Romanın tarixi Via Alessandrina küçəsində arxeoloji qazıntıların aparılmasına Azərbaycan tərəfindən maddi yardımın ayrılması bu töhfənin ən gözəl nümunələrindəndir. AzərTAc

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...