Bakıda kənd təsərrüfatı yarmarkaları keçirilib

Bakıda kənd təsərrüfatı yarmarkaları keçirilib

Sentyabrın 6-da Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilib. Paytaxt əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədilə təşkil edilən yarmarkalara mövsümə uyğun meyvə-tərəvəz və digər məhsullar çıxarılıb.

"Təzə bazar" MMC-nin həyətindəki yarmarkada alıcılara Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 13,35 ton məhsul, o cümlədən 0,4 ton ət, 0,1 ton ağartı, 3,5 ton tərəvəz, 4 ton meyvə və s. təklif olunurdu.

Yasamal rayonunda, Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil edilən yarmarkaya bu əraziyə təhkim olunmuş Salyan, Qusar, Astara, Şabran, bundan əlavə Sabirabad, Quba, Göyçay, Gədəbəy, Kürdəmir, Bərdə, Xaçmaz rayonlarının fermerləri və torpaq mülkiyyətçiləri tərəfindən 139,2 ton meyvə-tərəvəz, bostan məhsulları, mal və qoyun əti, ağartı, göyərti və digər kənd nemətləri çıxarılmışdı.

Badamdar qəsəbəsinin mərkəzində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkaya Ağdaş, Salyan, Masallı və digər rayonlardan 19,2 ton kənd təsərrüfatı məhsulları çıxarılmışdı.

Yarmarkada pomidorun kiloqramını 80, xiyarın kiloqramını 70 qəpiyə təklif edən ağdaşlı torpaq mülkiyyətçisi Məmməd Nuriyev bildirdi ki, indiyədək pay torpağında becərdiyi məhsulun 70 faizini burada satıb. O, yaradılan şəraitdən razılıqla danışaraq vurğuladı ki, hələ noyabrın əvvəllərinə qədər qəsəbə sakinlərinə təklif etməyə məhsulu var.

Suraxanı rayonu ərazisində təşkil olunmuş yarmarkalarda-"Günəş" ticarət mərkəzində (18,4 ton) və "Suraxanı Maşınqayırma Zavodu" Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisində (2,4 ton) satışa Samux, Quba, Biləsuvar, Cəlilabad və Ağsu rayonlarından, ümumilikdə, 20,8 ton məhsul çıxarılmışdı.

Xətai rayonunda, "Bakı" kinoteatrının yaxınlığındakı yarmarkaya Kürdəmir, Salyan, Biləsuvar, Qax, Şəmkir, Qəbələ, Quba, Astara, Daşkəsən rayonlarından 246 ton meyvə-tərəvəz, ət və süd məhsulları gətirilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə