Mahmud Məmmədquliyev Stokholmda görüşdə iştirak edib

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Stokholmda "Şərq Tərəfdaşlığı" Proqramının iştirakçısı olan ölkələrin xarici işlər nazirləri müavinlərinin qeyri-rəsmi görüşündə iştirak edib. "Şərq Tərəfdaşlığı" proqramının iştirakçısı olan bütün ölkələrin, eləcə də Polşa, İsveç və Almaniyanın nümayəndələrinin iştirak etdikləri görüşdə tərəflər proqramın reallaşdırılması perspektivlərini, həmçinin qarşılıqlı əlaqələrin və təhlükəsizliyin aktual məsələlərini müzakirə ediblər.

Tədbir başa çatandan sonra azərtac-a müsahibə verən Mahmud Məmmədquliyev görüşün əhəmiyyətini qeyd edib. Nazir müavini deyib: "Yaxın günlərdə Bakıda "Şərq Tərəfdaşlığı" Proqramının iştirakçısı olan ölkələrin nümayəndələrinin növbəti görüşü keçiriləcək. Bu görüşlər gələn il Riqada keçiriləcək sammitə hazırlıq məqsədi daşıyır. Hesab edirik ki, bu görüşlərdə proqramın iştirakçısı olan ölkələrdə dondurulmuş münaqişələrin həlli üçün həlledici addımlar atılmalıdır, çünki bu münaqişələr inkişafa mane olur".

M.Məmmədquliyev onu da vurğulayıb ki, Azərbaycan ilə Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi, readmissiya haqqında, eləcə də enerji sahəsində əvvəllər imzalanmış sazişlər faydalı əməkdaşlığın nümunələridir.

Bütün xəbərlər Facebook səhifəmizdə