Beyləqanda məcburi köçkünlər üçün əla fürsət!

ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə "Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF), Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) və "Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı" İctimai Birliyinin birgə əməkdaşlığı çərçivəsində "Məcburi köçkünlərin reinteqrasiyası ilə məşğul olmaq məqsədilə yerli Vətəndaş Cəmiyyəti Təşkilatları (VTC) və icma əsaslı təşkilatların potensialının gücləndirilməsi" layihəsi uğurla icra edilməkdədir. SİA-ya verilən məlumata görə, layihə çərçivəsində bir çox işlər görülüb, nailiyyətlər əldə edilib.

11 mart 2014-cü il tarixində Beyləqanda layihə daxilində görülən işlərin nəticələri və layihənin benefisiarlarının problemləri ilə yaxından tanış olmaq üçün Qadın Forumu keçirilib. Forumda Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev, "Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı" İB-nin sədri Zaur Quliyev, layihə üzrə regional koordinator Arzu Rəhimov, Amerika Dövlət Departamenti Əhali, Miqrasiya və Qaçqınlar üzrə bürosunun nümayəndələri Joschua Fischel, Eka Todria, Beynəlxalq Miqrasiya Təşkilatının Bakı nümayəndəsi Mi Yeon Park və KİV nümayəndələri iştirak edib.

10 iyun 2014-cü il tarixində "Məcburi köçkünlərin reinteqrasiyası ilə məşğul olmaq məqsədilə yerli vətəndaş cəmiyyəti təşkilatları və icma əsaslı təşkilatların potensialının gücləndirilməsi" layihəsi çərçivəsində "Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı" İB və Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə birlikdə Beyləqan rayonunda yerli və məcburi köçkün uşaqlar arasında adaptasiyanın gücləndirilməsi məqsədilə "Uşaqları Qoruyaq – Onlar bizim gələcəyimizdir" adlı tədbir təşkil edilib. Tədbirdə layihə koordinatoru Vəfadar Rizvanlı, "Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı" İB, YAP Beyləqan rayon Qadınlar Şurasının əməkdaşları, Uşaq musiqi məktəbinin əməkdaşları, Uşaq Yaradıcılıq Mərkəzinin əməkdaşları, Beyləqan Mədəniyyət və Turizm idarəsinin əməkdaşları iştirak edib. Musiqi məktəbinin, Uşaq Yaradıcılıq Mərkəzinin və Mədəniyyət evinin üzvləri tərəfindən bir-birindən maraqlı teatr səhnəcikləri,müsiqi ifaları səsləndirilmiş və gözəl rəqslər nümayiş etdirilib. Tədbirin sonunda BAMF tərəfindən 100-dən çox uşağa bayram hədiyyələri təqdim edilib.

Layihə çərçivəsində həmçinin Beyləqan rayonunda məcburi köçkün və yerli əhali üçün ödənişsiz xidmət göstərən Hüquqi Məsləhət Mərkəzi açılıb. Layihə müddətinin əvvəllindən indiyədək 280-ə yaxın müraciət qeydə alınmışdır. Daxil olan müraciətlərin bir qismi öz həllini tapıb.

Bundan əlavə Beyləqan rayonundan kənd təsərrüfatı, tikiş-toxuculuq, komputer və çörək-qənnadı peşələri üzrə 25 nəfər Tərtər rayonunda təşkil edilən təlimlərə cəlb olunub. Layihə üzrə 25 nəfərə mikrokreditlərin verilməsi nəzərdə tutulub ki, bunlardan da rayon üzrə 17 nəfər kreditlə təmin edilib, hal-hazırda kreditləşmə prosesi davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...