İsti yay günündə aranın istisindən ayrılıb qısa bir müddətə dağların qoynuna səfər etmək, dağ havasında sərinlənmək insanın bütün əhval-ruhiyyəsinə müsbət təsirini göstərir. Burada hər şey təbiidir. SİA-nın Cənub bürosunun verdiyi xəbərə görə, 8000 nəfər əhalisi, 2000 təsərrüfatı olan, 24 para kənddən ibarət Siyaku inzibati ərazi dairəsi nümayəndəliyi geniş bir dağlıq ərazini əhatə edir.
Rayon İcra hakimiyyəti başçısı Qəzənfər Ağayevin sentyabrın 4-də növbəti dəfə Həsın, Siyakeş, Şağlazüzə və Şıxəməhəllə kənd sakinləri ilə görüşüb. Bu dörd kənddə ümumilikdə 275 təsərrüfatda 1500 nəfər əhali yaşayır. Üzündən nur yağan fədakar, zəhmətkeş sakinlərinin əsas məşğuliyyəti heyvandarlıq, sitrusçuluq, arıçılıqdır.
Kəndlərin ümumi mənzərəsi, görülən işlər, əhalini narahat edən məsələlər barədə Siyaku inzibati ərazi dairəsi üzrə nümayəndə Xanəhməd Zahirov məlumat verib. Kənd sakinlərindən Zülfüqar Kitabov, Mirzəqulu Mahmudov, Hacağa Həbibov, Aqil Həbibov, Hacıkişi Fətəliyev, Cavanşir Kamalov, Naibulla Kamalov son illər respublikada və rayonda görülən geniş quruculuq-abadlıq işlərinə görə ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, ölkəmizin və rayonumuzun günbəgün inkişafı, abadlaşması, gözəlləşməsi gözümüzün qabağında baş verir. Sevindirici haldır ki, bütün görülən işlər insanlarımızın rifah halının yaxşılaşmasına, daha rahat yaşamasına xidmət edir. Sakinlər kənddə mövcud problemlər – kəndlərin təbii qazla tam təminatının başa çatdırılması, elektrik xətt təsərrüfatının yeniləşdirilməsi, Pensər çayının Siyakeş kəndi ərazisindən keçən hissəsində çay üzərində avtomobil körpüsünün salınması və digər məsələlər barədə təkliflərini bildiriblər.
Rayon Elektrik şəbəkəsinin rəisi Azad Hüseynov, Qaz İstismar Sahəsinin rəisi Zahir Rzayev görüşdə qaldırılan məsələlərlə əlaqədar görüləcək tədbirlər barədə məlumat veriblər.
Rayon icra hakimiyyətinin başçısı Q.Ağayev çıxış edərək kənd sakinləri tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində konkret və əməli tədbirlərin görüləcəyini bildirib. Qeyd olunub ki, son dövrdə ölkənin hər yerində olduğu kimi Astaranın ən ucqar yaşayış məntəqələrində belə quruculuq və abadlıq işləri geniş vüsət alıb. Küçə və parkların abadlaşdırılması, əhalinin normal istirahəti üçün dənizkənarı çimərlik və park-bulvarın salınması, Deqədi-Pəlikəş ucqar dağ kəndlərinin yollarının asfaltlaşdırılması, təbii qaz xətlərinin əsaslı təmiri və çəkilişi istiqamətində aparılan işlər əhalinin xoş güzəranının təmin edilməsi, rifah halının yaxşılaşdırılmasına xidmət edir. Siyaku kənd ərazi nümayəndəliyində artıq bütün məktəblər üçün yeni binalar tikilib, müasir avadanlıqlarla təmin olunub. Sevindirici haldır ki, bu məktəbləri bitirən məzunlardan test imtahanlarında yüksək nəticə göstərərək respublikanın alı məktəblərinə qəbul olunanların sayı ildən-ilə artır. Çox da böyük olmayan Şağlazüzə kənd tam orta məktəbinin 9 nəfər məzununun bu il müxtəlif ali məktəblərin tələbəsi adını qazanması buna bariz nümunədir.Ucqar bir dağ kəndi üçün bu böyük nailiyyətdir.
İcra başçısı daha sonra əlavə edib ki, kəndlərimizin elektrik xətt təsərrüfatının köhnə olması, istismar müddətini başa vurması haqqında ətraflı məlumatımız vardır. Bu təsərrüfatın bütövlükdə yeniləşməsi barədə ölkə miqyasında tədbirlər hazırlanır. Buna baxmayaraq cari təmir işləri aparmaqla əhalinin fasiləsiz elektrik enerjisi ilə təminatına nail olmuşuq. Kəndlərimizə təbii qazın verilməsi istiqamətində də işlər davam etdirilir. 2015-ci ildə ucqar ərazidə yerləşən yaşayış məntəqələrinə, o cümlədən bu dağ kəndlərinə də təbii qazın verilməsi təmin ediləcəkdir.
Sonda Q.Ağayev Şağlazüzə kənd tam orta məktəbinin tədris binasında olub, məktəbin yeni dərs ilinə hazırlığının vəziyyəti ilə maraqlanıb, tövsiyə və tapşırıqlarını verib.
Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB