Qərib Məmmədov Göygöldə vətəndaşlarla görüşüb FOTO

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov Göygöldə vətəndaşlarla görüşüb. Heydər Əliyev mərkəzində baş tutan qəbulda Göygöllə yanaşı, Gəncə, Samux, Naftalan, Kəlbəcər və Tərtərdən olan vətəndaşlar iştirak edib. SİA-nın bölgə müxbirinin xəbərinə görə, qəbul zamanı vətəndaşların bəzisi tərəfidən Rusiya və digər xarici ölkələrin ərazisində müvəqqəti yaşamaları ilə bağlı onların adlarının yerli aqrar islahat komissiyasının səhvi ucbatından siyahıya salınmaması, bir qismi torpaq islahatı ilə bağlı müvafiq sənədlər işlənib tərtib edilərkən müəyyən texniki qüsurlara yol verilməsi, qonşu torpaq mülkiyyətçiləri arasında yaranan torpaq-sərhəd mübahisələri, eləcə də həyətyanı torpaq sahələrinin özəlləşdirilməsi ilə əlaqədar mövcud problemlər barədə müraciətlər edilib. Komitə sədri jurnalistlərə müsahibəsində onu da bildirib ki, Gəncə şəhərinin inzibati ərazisi Milli Məclisin qərarı ilə Göygöl, Samux, Goranboy və Daşkəsən rayonlarının ərazisi hesabına genişlənib. Həmin ərazilərdə nəzərə alınmaqla Gəncə şəhərinin Nizami, Kəpəz və Hacıkənd bələdiyyələrinin xəritələri hazırlanaraq başa çatıb. Komitə sədri qəbula gələn vətəndaşlara qarşılaşdıqları problemlərin tez bir zamanda həll olunacağını bildirib.

Qeyd edək ki, komitənin şöbə və struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda, ümumilikdə, 40-dək vətəndaşın müraciətinə baxılıb. Digər dövlət qurumlarının səlahiyyətlərinə aid olan müraciətlər isə çatdırılmaq üçün qeydiyyata alınıb.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...