YAP Nizami rayon təşkilatı tədbirlərə start verdi FOTO

YAP Nizami rayon təşkilatı tədbirlərə start verdi FOTO

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının yaradılmasının növbəti ildönümü münasibətilə tədbirlərə start verilib. Belə tədbirlərdən biri Çobanzadə küçəsi 71 ünvanında keçirilib və yeni ərazi ilk partiya təşkilatı təsis edilib. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının Aparat rəhbəri Ramil Vəlibəyov bildirib ki, müasir Azərbaycanın müstəqillik tarixinin uğurları YAP-ı yaradan Ulu Öndər Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin adı ilə bağlı olduğu kimi, eyni zamanda, bu ideyaların ətrafında sıx birləşən partiyanın hər bir üzvünün böyük fədakarlıqları ilə əlaqədardır: "YAP-ın möhtəşəmliyinin əsasında dayanan ilk növbədə Ümummilli Lider Heydər Əliyev ideyalarıdır. Partiyanın gücü və əzəməti onun sədri İlham Əliyevin Azərbaycanın Prezidenti kimi ölkəmizdə həyata keçirdiyi siyasətin uğurları, nailiyyətləri və qələbələridir. Partiyanın gücü, eyni zamanda, Azərbaycan xalqının YAP-a inamı, etibarı və etimad göstərməsidir. Məhz, YAP 600 mindən artıq üzvü öz sıralarında birləşdirməklə ümumxalq partiyası olduğunu nümayiş etdirir".

Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı 1993-cü il 11 sentyabr tarixində Heydər Əliyev adına BNEZ-in akt zalında 76 nəfərin iştirakı ilə yaranıb. Bu gün rayon təşkilatının sıraları kəmiyyət və keyfiyyət baxımından sürətlə genişlənir. Hazırda rayon təşkilatının sıralarında 142 ərazi ilk partiya təşkilatında 11 minədək üzv birləşib. Sevindirici haldır ki, üzvlərimizin 55 faizindən artığını gənclər təşkil edir. Cəmiyyətdə aktivliyilə seçilən qadınlarımız isə 5000 nəfərdən artıqdır.

Sonra təşkilati məsələlərə baxılıb və təşkilatın sədri, sədr müavini seçilib.

Yeni təsis edilmiş ərazi ilk partiya təşkilatının sədri Yeganə Gəncmalıyeva deyib ki, ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası ölkəmizin daim qüdrətlənməsinə, insanların sosial rifah halının yaxşılaşdırılmasına çalışıb. Bu, partiyanın siyasətində dövlətə, xalqa xidmətin öndə dayandığının təsdiqidir.

Tədbirin sonunda partiyaya qəbul olmaq istəyən bir qrup gənc rayon təşkilatına müraciət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə